“Şəmkirdə şikayətlərin əksəriyyəti bələdiyyələrin fəaliyyəti ilə bağlıdır”

Şəmkir rayonunda 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Valeh Ələsgərov, həmçinin Şəmkirdən seçilən millət vəkilləri də iştirak edib.

Məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov qeyd edib ki, ötən il Şəmkirdə sosial-iqtisadi göstəricilər müsbət istiqamətə doğru inkişaf edib. Belə ki, 1 ildə rayonda ümumi məhsul buraxılışı 295 milyon manat, yəni əvvəlki illərə nisbətən 8.1 faiz çox olub. 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonda nəzərdə tutulan 17 layihədən 15-i artıq reallaşdırılıb. Son 1 ildə vətəndaşların işlə təmin olunması istiqamətində əməli addımlar atılıb.

İcra başçısının sözlərinə görə, təkcə 1 ildə Şəmkirdə 4296 yeni iş yeri açılıb ki, bunlardan da 2283-ü daimidir. 2010-cu ildə rayonun tarixi keçmişinin, maddi-mənəvi dəyərlərinin öyrənilməsinə, tarixi abidələrin qorunmasına, xüsusi önəm verilib. Rayonda aparılan arxeoloji qazıntılar nəticəsində 50-dən artıq tarixi abidə qeydə alınıb. Gəncə şəhəri başda olmaqla ölkənin qərb bölgəsinin daimi elektrik enerjisi və içməli su ilə təmin edəcək su anbarı tikintisinin birinci mərhələsi 2010-cu ildə yekunlaşıb. Hazırda sözügedən nəhəng layihənin sonuncu mərhələsi üzərində iş aparılır.

Öz məruzəsində təhsil, mədəniyyət, səhiyyə sahələrinə də toxunan N. Veyisov bu sahələrdə də uğurlu nailiyyətlərin əldə olunduğunu dilə gətirib. Bütün bunlarla yanaşı, il ərzində bir sıra nöqsanlar da qeydə alınıb. Xüsusən pay torpaqlarının düzgün bölünməməsi əhalini daha çox narahat edir. Şəmkir rayon İcra Hakimiyyətinə edilən şikayətlərin əksəriyyəti də bələdiyyələrin fəaliyyəti ilə bağlıdır.

Tədbirdə söz alan digər natiqlər də ümumilikdə 2010-cu ildə əldə olunan göstəriciləri qənaətbəxş qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə