"Regionda çox ciddi proseslər gedir" ÖZƏL - ŞƏRH

"Regionda çox ciddi proseslər gedir" ÖZƏL - ŞƏRH

"İran Ermənistan münasibətləri iki ölkə arasında qarşılıqlı anlaşma, dostluq və tarixi ənənələr formatında yüksək səviyyədə davam etdirilir. Bu münasibətlərin tarixinə baxdıqda görərik ki, regionda böyük nüfuza malik olan Sasani-İran hakimiyyətləri ermənilərə xüsusi önəm vermişlər". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, son 1000 ildə bölgədə Ermənistan adında və ya bu xalqı təmsil edən bir dövlətin olmadığı halda ermənilər indiyə qədər mövcud Sasani-İran dövlətlərində çox rahat, sərbəst və xüsusi imtiyazlara malik şəkildə yaşamlarının təmin olunduğu faktdır: "Bu isti münasibət eyni kökdən gələn xalqların qardaşlığından başqa həm də hər ikisində bir türk xofunun formalaşması olub. Sasanilərdən sonra İran coğrafiyasında 1000 il davam edən türk hakimiyyətləri dövründə də bu ənənə davam etmişdir. Fars erməni dostluğuna daha çox misallar gətirmək olar. Bu münasibətlərin mənəvi və etnik qan qohumluğu tərəfidir. Hazırda bu iki ölkə strateji müttəfiqlik səviyyəsində münasibətlər qurublar. Son 200 ildə Rusiyanın qəyyumluğu şəraitində yaşayan Ermənistan 90-cı illərin əvvəlində Rusiyanın çətin iqtisadi-siyasi tənəzzül yaşaması ilə əlaqədar olaraq Azərbaycan qarşısında çox çətin duruma düşmüşdü. Çeçenstanda ağır məğlubiyyətə uğrayan Rusiya Ermənistana hərbi və iqtisadi dəstək verməkdə çətinliklər yaşayırdı. Ermənistanla quru sərhəddinin olmaması bu işi daha da çətinləşdirirdi. Yaranmış vəziyyətdə İran bu dəfə də öz tarixi missiyasını yerinə yetirərək Azərbaycan tərəfindən iqtisadi blokadaya alınmış Ermənistanı bu dairədən çıxardı. İran Ermənistanla bütün sahələrdə iqtisadi əməkdaşlığa başladı. Bu əlaqələr detalları ilə hər kəsə məlum olduğu üçün sadalamaq istəmirəm, lakin son zamanlar bu əlaqələr hərbi sahədə də geniş yer almışdır. Bütün baş verənlər bizim üçün xoşagəlməz olsa da mövcud reallıq budur.

Azərbaycan nə qədər çalışsa da indiyə qədər İran Azərbaycana potensial rəqib gözü ilə baxmaqda davam edir. Azərbaycanda və ondan kənarda yaşayan erməni təbliğatının qurbanına çevirilmiş bəzi qruplar düşmənin dəyirmanına su tökməklə İranı daha da bizə qarşı aqressiv davranmasına yol açır. Biz açıq şəkildə dövlət səviyyəsində blidirmişik ki, bizim İrana qarşı heç bir ərazi iddiamız yoxdur. İranda yaşayan soydaşlarımız isə İranın qurucuları və o dövlətin vətəndaşlarıdırlar. İranın ərazi bütövlüyü və dövlətçiliyi orada yaşayan türklərsiz mümkün deyil. Ona görə də heç kim xam xəyala düşüb hansısa xəyali dövlət qurmaq iddialarına düşməsin. İran xalqı öz dövlətlərinin gələcəyi barədə düşünərək türk qonşuları ilə yaxşı münasibətlər qurmağı düşünməlidirlər. Regionda çox ciddi proseslər gedir. Azərbaycan bütün çətinliklərə baxmayaraq dövlət kimi mövcudluğunun qarantiyasını böyük dövlətlərdən alıb. Hesab edirəm ki, İran perspektivi olmayan bir forpost ölkə ilə münasibətləri qurmaqla böyük yanlışlığa yol verir. ABŞ-ın İranı təhdid etməsi fonunda düşmən ölkəyə bu qədər yaxınlaşan İran gələcəkdə bzim dəstəyimizdən mərhum ola biləcəyini də gözə almalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə