Səbəblər bəlli olsa da, həqiqəti eşitmək istəyənlər yoxdur
Müxalifət düşərgəsinin zəifliyi və düşərgədaxili qarşıdurmalar artıq elə bir həddə qədər gəlib-çatıb ki, bunu elə müxalifət partiyalarının sədrlərinin özləri də etiraf edirlər. Ümumiyyətlə, heç bir siyasi taktikalara, gedişlərə, proqnozlaşdırma qabiliyyətinə malik olmayan müxalifətin belə bir vəziyyətə düşməsinə daha bir səbəb istər partiyalararası, istərsə də partiyalardaxili hərc-mərcliklərdir. O cümlədən, adi mitinq və aksiyalarını belə dəstəksiz, sosial bazasız keçirib rüsvay olan ənənəvi düşərgənin bu durumdan çıxa bilməməsi, sivil mübarizə üsulunun olmaması, xalqın dəstəyindən məhrumiyyət orada təmsil olunan siyasi təşkilat rəhbərlərini narahat etməyə başlayıb. Məhz bu səbəbdən, əsas günahkarlar elə düşərgənin daxilində axtarılır.
Fuad Əliyev: “Müxalifətdaxili çəkişmələr, ”agent" axtarışı, bir-birinə qısqanclıq, keçmişdən qopa bilməmək müxalifəti zəiflədir”
SİA-nın məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, parçalanmış “Azərbaycan Xalq Hərəkatı”nın (“AXH”) üzvü Fuad Əliyev etiraf edir ki, xalq müxalifəti dəstəkləmir və müxalifət də xalqı özünə tərəf cəlb etmək gücündə deyil. “Bu da müxalifətin son 15 ildə atdığı səhv addımlara görə baş verib”, deyən ALDP sədri digər nüansa da toxunub. Bu nüsanslardan biri də düşərgədə kim digərindən narazı qalırsa, dərhal qarşı tərəfi hakimiyyətə işləməkdə günahlandırır.SİTAT: “Müxalifətdaxili çəkişmələr, ”agent" axtarışı, bir-birinə qısqanclıq, keçmişdən qopa bilməmək müxalifəti zəiflədir, ona inamı itirir. İnsanlar artıq yeni simaları görmədiyinə görə, bəziləri isə etimadı itirdiyinə görə ümumi müxalifətə cəmiyyət dəstək vermir”.
Düzdür, F.Əliyev özünə və s. müxalifətçilərə təskinlik vermək üçün düşərgənin nə zamanda bir araya gələrək, yeni siyasət istiqamətində hərəkət edəcəyini desə də, çox yəqin ki, onun özü də bu fikirlərinə inanmır. Çünki hazırda özünün sədrlik etdiyi partiyası belə, parçalanmış bir müxalifət “birliyində” – “AXH”də təmsil olunur.
Sərdar Cəlaloğlu: “Azərbaycan müxalifətinin siyasi dünya görüşü, siyasi fəlsəfəsi yoxdur”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da yuxarıda qeyd edilən məqamlara toxunaraq partiyasına yaxın mətbu orqana verdiyi müsahibəsində deyib ki, Azərbaycan müxalifətinin siyasi dünya görüşü yoxdur. Daha dəqiq desək, ölkə müxalifətində intellektuallıq cəhətdən insanların olmamasına işarə edən ADP sədri hesab edir ki, düşərgədə özlərini “lider” adlandıranlar bütün lazım olan siyasi cəhətləri kənara qoyub, yalnız “hakimiyyətə gələcəyik” xəyalları ilə fəaliyyət göstərirlər. Xalq isə bu cür ucuz təfəkkür sahiblərinə inanmır, bundan sonra da inanmayacaq.
“Onların xalqa təsiri sıfır səviyyəsindədir”, deyən S.Cəlaloğlu bildirib ki, siyasət həm də siyasi dünya görüşüdür: “Bu gün Azərbaycan müxalifətinin siyasi dünya görüşü, siyasi fəlsəfəsi yoxdur. Buna görə də ancaq hakimiyyətə gəlmək barədə düşünür”.
Beləliklə, müxalifətin kifayət qədər tanınmış şəxslərinin belə bir etiraflarda bulunmaları əslində həqiqəti əks etdirən reallığın tərkib hissəsidir. Ancaq belə etirafların digər müxalifət rəhbərləri, misal üçün AXCP, Müsavat və s. bənzər partiya “liderləri” tərəfindən edilməməsi artıq özü-özlüyündə ənənəvi, ya da radikallaşmış düşərgənin siyasi ölümünü daha da sürətləndirməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB