Əli Əhmədov: “İran səfirliyinin qarşısında aksiyaların keçirilməsini normal hesab edirəm” - FOTO

Əli Əhmədov: “İran səfirliyinin qarşısında aksiyaların keçirilməsini normal hesab edirəm” - FOTO
İranın bəzi dairələrinin Azərbaycan dövlətinə etdiyi hörmətsizlik İslam Respublikasının əhalisinin yarısını təşkil edən azərbaycanlılara hörmətsizlikdir. Bu sözləri İran konsulluğunun qarşısında keçirilən aksiyalara münasibət bildirən YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, son zamanlar İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub: "Buna özümüzün qətiyyətlə mənfi münasibətimizi ifadə edirik. Azərbaycan heç zaman hər hansı bir ölkənin, o cümlədən də qonşu ölkəmiz olan İranın daxili işlərinə qarışmaq niyyətində olmayıb. Bu gün də belə addımlar atılmır. Belə halların Azərbaycan tərəfindən atılması gözlənilə bilməz. Bu hərəkətin qarşılığını, eyni zamanda da digər ölkələrdən, həmçinin İrandan gözləyirik".

Bakının bir sıra yerlərində, o cümlədən də İran səfirliyinin qarşısında aksiyaların keçirildiyini deyən Ə.Əhmədov: "Mən bu halları normal hesab edirəm. Belə aksiyaların keçirilməsi hesab edirəm ki, İranın müvafiq dairələrinə bir mesaj olacaq. İranda çoxlu sayda etnik azərbaycanlılar yaşayır. Bütün bunlar bizim münasibətlərimizin xarakterini, mahiyyətini müəyyənləşdirir. Azərbaycana qarşı İran tərəfindən hər hansı bir hörmətsizliyin edilməsi, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri göstərilməsi, İran KİV-ində Azərbaycanın aşağılanması kimi xoşagəlməz hallara yol verilməsi bir yandan Azərbaycan dövlətinə, ikinci bir tərəfdən İranda yaşayan çoxlu sayda azərbaycanlıya hörmətsizlikdir",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə