Su problemi erməniləri aksiyalara məcbur edir

Su problemi erməniləri aksiyalara məcbur edir

Ermənistanda kənd sakinləri içməli su tələbi ilə aksiya keçirirlər. SİA Ermənistana məxsus epress.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin Arçis kəndinin sakinləri Alaverdi-Baqrataşen yolunu bağlayaraq içməli su problemlərinin həll edilməsini tələb edirlər.

Məlumatda qeyd olunur ki, bu problem bir il deyil ki, yaranıb və sakinlər çoxdandır bu problemlə üz-üzədirlər.
“Burada meşələrdən axan iki bulaq var. Bu il qar, yağış olmadığı üçün bulaqlar quruyub. İndi hər ailənin hər gün 20 litr suya ehtiyacı var”, -deyə yerli sakin David Varanyan problem barədə danışıb. Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra kənddə içməli su yoxdur.

D.Varanyan yerli sakinlərin su tələbi ilə aksiya keçirdiyini deyib və qeyd edib ki, əgər onların bu problemləri həll edilməzsə aksiya davam etdiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə