Millət vəkili: “İstər mətbuat işçiləri, istərsə də siyasətçilər bütün imkanlarından istifadə edib, İran molla rejiminə qarşı mübarizə aparmalıdır”

Millət vəkili: “İstər mətbuat işçiləri, istərsə də siyasətçilər bütün imkanlarından istifadə edib, İran molla rejiminə qarşı mübarizə aparmalıdır”
"İran Azərbaycana qarşı təbliğat aparırsa, biz də ona qarşı təbliğat aparmalıyıq". Bu sözləri millət vəkili Fəzail Ağamalı SİA-ya verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan İranın molla rejiminə qarşı çıxmalı, onun ölkəmizə qarşı informasiya müharibəsində öz iradəsini ortaya qoymalı, konkret arqumentlərə, faktlara söykənərək İrana qarşı fəaliyyətini genişləndirməlidir. O bildirib ki, Azərbaycan həmçinin cənublu soydaşlarımızla əlaqələrini genişləndirməlidir.

"Mən cənublu soydaşlarımıza bununla bağlı xüsusi müraciət etdim. Eyni zamanda elektron poçtumu onların diqqətinə çatdırdım ki, mənə İranda molla rejimi ilə pozulan hüquqlarla əlaqədar faktlar ünvanlasınlar. Mən də həmin arqumentlərə söykənərək beynəlxalq təşkilatlara müraciət edəcəyəm. Eyni zamanda bununla bağlı millət vəkillərinə də müraciət etmişəm ki, onlar təmsil olunduqları beynəlxalq təşkilatlarda İrandakı soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı məsələ qaldırsınlar. Çünki insan hüquqları faktları bir regiona sığınan məsələ deyil, bəşəri bir məsələdir. Əgər dünyanın ən ucqar yerində belə insan haqları pozulursa o, regionun problemi deyil, bütün dünyanın problemidir. Bu gün İran insanları kifayət qədər əzir, insanların hüququnu pozur. Bizim kifayət qədər imkanlarımız var ki, faktlar və arqumentlərlə beynəlxalq aləmdə İrana qarşı fəaliyyətimizi genişləndirək", - deyə millət vəkili vurğulayıb.

İran əhalisinin 52 faizini soydaşlarımız təşkil etdiyini xatırladan F. Ağamalı söyləyib ki, əgər İran bizim üstümüzə gəlirsə, biz ondan çəkinməməli, onun üzərinə daha güclü, daha kəskin və qətiyyətlə getməliyik: "İstər mətbuat işçiləri, istərsə də siyasətçilər bütün imkanlarından istifadə edib, İran molla rejiminə qarşı mübarizə aparmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə