Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq dünyaya örnəkdir
Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür
Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə, mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub-saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini, nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "Tolerant ölkədən tolerant dünyaya doğru!" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.
Ölkəmizdə dözümlülük ənənələrinin qorunub-saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz böyük töhfəsini verir. Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli ilə yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də, ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müstəqil Azərbaycanın Banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.
Dövlət Komitəsinin yaranması barədə Fərmanla komitənin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoyuldu. Beynəlxalq aləmdə, xüsusilə, regionda və ölkədə gedən proseslər, eləcə də, dini durumda baş verən hadisələr Ümummilli Liderin bu qərarının nə qədər müdrik addım olduğunu bir daha təsdiqlədi. Ulu Öndər deyirdi: "Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".
AZƏRBAYCANIN TOLERANTLIQ TƏCRÜBƏSİ VƏ MULTİKULTURAL DƏYƏRLƏRİ TƏBLİĞ OLUNUR
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev, bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində, milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Dövlət siyasətini həyata keçirən Dövlət Komitəsi 18 illik fəaliyyətində dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə, onların həllində müsbət nəticələr əldə olunur. Dini maarifləndirmə işini komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzeti, "Dövlət və Din" ictimai fikir toplusu, DQİDK əməkdaşlarının müəllifi olduğu nəşrlər, eləcə də, televiziya proqramları vasitəsilə də aparan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında dini radikalizmin, xurafatın törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha aydın şəkildə çatdırmaq, həmçinin, bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə "Fitnə", "Şəhadət", "Vəhdət qanımızdadır" və digər sənədli filmlər çəkilərək, geniş ictimaiyyətə təqdim edilib. Komitənin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də, zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində "Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə", "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması", "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə", "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər", "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası", "Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi", "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" və s. mövzularında beynəlxalq konfranslar, simpoziumlar, panellər keçirilib.
BU GÜN ÖLKƏMİZDƏ 2250 MƏSCİD, 14 KİLSƏ VƏ 7 SİNAQOQ FƏALİYYƏT GÖSTƏRİR
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB