Nərimanov rayonun sosial-iqtisadi inkişafının 2010-cu ilin yekunlarına həsr olunan iclas keçirilib

Nərimanov rayonun sosial-iqtisadi inkişafının 2010-cu ilin yekunlarına həsr olunan iclas keçirilib

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sosial-iqtisadi inkişafının 2010-cu ilin yekunlarına həsr olunan iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini, millət vəkili Əli Əhmədov, millət vəkilləri Rasim Musabəyov və Ağacan Əbiyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə və təşkilat rəhbərləri iştirak edib. İclası açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirdiyini bildirib.

2010-cu ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdiyini deyən icra başçısı 2010-cu ildə istehlakçılara 320,3 milyon manatlıq sənaye məhsulunun göndərildiyini qeyd edib. O, istehsal olunmuş sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisinin 55,1 faiz təşkil etdiyini vurğulayıb: "Sənaye kompleksində işləyənlərin sayı il ərzində 2741 nəfər artaraq 11795 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 17,2 faiz artaraq 362,7 manat olub. Sahibkarlığın inkişaf etdirilməsi və onlara göstərilən dövlət dəstəyinin artması nəticəsində 2008-ci ildə 295, 2009-cu ildə 302, 2010-cu ildə isə 332 yeni müəssisə yaradılıb. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cu ildən indiyə kimi 27834 daimi iş yerləri yaradılıb ki, bunun da 1807-si 2010-cu ilin payına düşür. Qeyd etmək lazımdır ki, daimi iş yerlərinin 56 faizi yeni yaradılmış müəssisə və təşkilatların hesabınadır".

İl ərzində bütün mənbələr hesabına əsas kapitala 51,3 milyon manatlıq investisiya qoyulduğunu söyləyən A.Fərzəliyev qoyulmuş investisiyaların 99,9 faizinin daxili investisiyalar təşkil etdiyini vurğulayıb. Tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcminin 356,2 milyon manat təşkil etdiyini dilə gətirən icra başçısı bildirib ki, bu sahədə işləyən işçilərin orta aylıq əmək haqqı 11,2 faiz artaraq 465 manat təşkil edib: "İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də artıb. Belə ki, il ərzində rayon əhalisinə 187,1 milyon manatlıq pullu xidmətlər göstərilib ki, ötən ilə nisbətən 111,2 faiz artım qeydə alınıb. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf edib. Belə ki, il ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 712,6 milyon manat olmaqla 100,6 faiz artım surəti qeydə alınıb. Əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 26,1 milyon manat olmala 65 faiz artıb. Ticarət sahəsində işləyənlərin sayı 1170 nəfər artaraq 11992 nəfər təşkil edib".

Daha sonra isə Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva, Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Rafael Sultanov, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Qoşqar Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digərləri çıxış ediblər. Çıxışlarda 2010-cu ildə müvafiq sahələrdə əldə olunan uğurlardan söhbət açılıb və vurğulanıb ki, cari ildə də uğurların davamının gəlməsi ilə daha səylə çalışacaqlar.

İclasda çıxış edən YAP icra katibi Ə.Əhmədov parlament seçkilərində ona etimad göstərən Nərimanov rayonu seçicilərinə minnətdarlığını bildirib və qeyd edib ki, bu etimadın doğrultması üçün var qüvvəsi ilə çalışacaq. 2010-cu ilin bütövlükdə böyük nailiyyətlərlə tarixə düşdüyünü diqqətə çatdıran millət vəkili bildirib ki, son bir neçə ildir ki, dünyanı inkişafdan saxlayan dünya maliyyə böhranı Azərbaycanı sürətli inkişafdan saxlaya bilməyib: "Dünyada baş verən bu və ya digər proses hansısa formada Azərbaycana da təsir edir. Amma bu təsirlərə baxmayaraq, dövlət başçısı İlham Əliyevin uzaqgörən addımları və qətiyyətli siyasəti nəticəsində Azərbaycan uğurlar əldə edib. Prezidentin apardığı siyasət nəticəsində Azərbaycan inkişaf edir, hər gün müasirləşir, hər bir Azərbaycan vətəndaşı gələcəyə ümidlə baxır. Bu inkişaf Azərbaycanı gözəl gələcəyə aparır. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da neqativ hallar var. Prezident bu hallara qarşı mübarizə aparır və bundan sonra da aparacaq".

İclasın sonunda 2010-cu ildə Nərimanov rayonunda müxtəlif sahələr üzrə fərqlənən şəxslər Nərimanov rayon İcra Hakimiyyətinin fəxri fərmanı təltif edilib və televizorla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə