Düz 26 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas edildi. Həm də ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Söhbət etdiyimiz ziyalılar və millət vəkilləri "SƏS" qəzetinə verdikləri açıqlamalarında Ulu Öndər Heydər Əliyevin dünya xalqlarının həsəd apara biləcəkləri lider olduğunu bildirdilər.
Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri:
- Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış Dahi Liderdir Ulu Öndər Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtdıran və inkişaf etdirən bir Lider kimi də hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Bugünkü Azərbaycanımız, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin lider dövlətə çevrilməsi, məhz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir. 1990-92-ci illərdə, səriştəsiz rəhbərlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınalıq yaradaraq, Azərbycanı uçuruma aparırdı, dövlətçilik və müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Dahi Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtması, bütövlükdə, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ilə başlanıldı. Nəticədə, Azərbaycan vətəndaşları yaranmış təhlükələrdən qurtuldu, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi isə tamamilə aradan qaldırdı. Bundan sonra, məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində ölkədə bütün sahələr üzrə quruculuğa start verildi. Ona görə də, bu gün hər bir Azərbaycan vətəndaşının fiziki varlığı, mənəvi varlığı, birmənalı olaraq, Ümummilli Lider Heydər Əliyevin adı ilə əbədiyyən bağlıdır. Azərbaycan bu gün Heydər Əliyev siyasətinin uğurlu inkişafı nəticəsində, artıq lider dövlətə çevrilmiş və regionda öz sözünü deyən ölkə kimi böyük layihələrin həyata keçirilməsində uğurlara imza atmaqdadır. Əlbəttə ki, məhz bu gün bu tarixi nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olundu. Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasında dayanan güclü, qüdrətli, müstəqil, öz sözünü beynəlxalq kürsülərdə qətiyyətlə deyən müstəqil ölkələrdəndir. Söz yox ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.
Ramiz Şabanov, YAP Tərtər rayon təşkilatınnı sədri:
- 1993-cü il 15 iyununda Azərbaycan Respblikası Ali Sovetində keçirilən səsvermədə Ümummilli Lider Heydər Əliyev Sədr seçildi. Bununla da, Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev dağılmaqda olan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi olub, dinamik inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də, Onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycana yenidən, ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi potensialının yüksəlməsinə nail oldu. Həmin dövrlədə Azərbaycanın dövlət büdcəsi indikindən yüz dəfə aşağı idi. Yəni 250 milyonu əhatə edirdi. Həmin dövrdə də Ulu Öndər Heydər Əliyev sosial siyasətə olduqca həssas yanaşırdı və çox əhəmiyyətli fərmanlar imzalayırdı. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması, onların ərzaq təminatı, pensiya müavinətlərinin daim artırılması, əmək haqqlarnın artması, iqtisadi islahatların artması və bu kimi məsələlərlə bağlı Fərman və qərarlar qəbul etmişdir. 1998-ci ildən başlayaraq, Azərbaycanda iqtisadi sabitlik əldə olundu. Görülən böyük və nəhəng işlərin nəticəsində Azərbaycan 2000-ci ildən özünün uğurlu iqtisadi inkişafına qədəm qoydu və Onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev, məhz Azərbaycanı Heydər Əliyevin əsasını qoyduğu strategiya əsasında quraraq, ölkəni böyük iqtisadi naliyyətələr əldə etmiş respublikaya çevirmişdir. Birmənalı şəkildə demək olar ki, Ümummilli Liderin titanik səyləri nəticəsində, yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar Onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir.
Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri:
15 İyun Milli Qurtuluş Günü elə bir tarixi gündür ki, bu tarix hər zaman xatırlanmalı və həmişə deyilməlidir: "Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruculuq tarixi, məhz 1993-cü il 15 iyundan başlayır. Qeyd edim ki, 1988-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəçilik sisteminin dağılması prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1993-cü ildə özünün ən pik nöqtəsinə çatmalı oldu. Bununla da, Azərbaycanda dövlət idarəçiliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır, vahid idarəçilik sistemi tamamilə məhv olmuşdu. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Eyni zamanda, dövlətdə ayrı-ayrı vəzifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Surət Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qazıyevə, İsgəndər Həmidova, Pənah Hüseynov, İsa Qəmbər və Arif Hacılıya tabe olan hərbi dəstələr idi. Məhz belə bir dövrdə Gəncədə məlum 4 iyun hadisələri baş verdi. 4 iyundan 15 iyuna qədər olan proseslər isə, sanki bir kinoxronikanı xatırladır. Çünki bu müddətdə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Bütün bunların hamısı isə ölkədə vətəndaş müharibəsinin başlanğıcı demək idi. Əgər iyunun 8 və 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş müharibəsi böyük vüsətlə alovlanacaqdı. Ulu Öndər Heydər Əliyevin, məhz o dövrdə belə bir cəsarətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi. Xüsusi olaraq, vurğulamaq istərdim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu.
Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədr:
- Dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinə böyük anlamda qibtə hissi ilə yanaşırlar. Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Məhz bu baxımdan, 15 İyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olmuşdur. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində, Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, Onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır.
Səfa Ağayev, YAP İmişli rayon təşkilatının sədri:
-15 İyun Milli Qurtuluş Günü... Xalqımızın taleyində dönüş anı... Məhz 26 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas edilmişdir. 1993-cü ilin yayına doğru ölkəni xaos bürümüş, cəmiyyətdə narahatlıq doğuran proseslər vüsət almışdı. Ona görə də, bu xaosun qarşısını almaq üçün Azərbaycanın tanınmış ziyalıları, elm və incəsənət xadimləri Azərbaycan xalqı adından o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisini Sədri olan Heydər Əliyevi Bakıya dəvət etdilər. Ümummilli Lider Heydər Əliyev bütün risklərə baxmayaraq, bu dəvəti qəbul etdi. Bununla da, Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçildi. Bu tarix Azərbaycan xalqının şüurunda Milli Qurtuluş Günü kimi həkk olundu. Milli Qurtuluş məfkurəsi dedikdə isə, «biz xaosdan, anarxiyadan, özbaşınalıqdan, hakimiyyətsizlikdən xilas olduq» kimi sözləri yada düşür. Amma bunların heç biri deyilişi gözəl sözlər deyil. Bu sözlərin hər birinin arxasında, məhz o sözün etimoloji cəhətdən böyük bir məzmunu dayanır. Ona görə də, məhz o dövrdə Azərbaycan xalqının yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Çünki bir dövləti, bir xalqı ayaqda tutacaq, bu qədər dəyərlər sisteminin hamısına məhdudiyyət qoyulsa, əlbəttə ki, bu, mütləq dağılmalıdır. Məhz bütün bunları təmin edəcək və bu böyük işlərin öhdəsindən gələ biləcək yeganə şəxs Ulu Öndər Heydər Əliyev idi. 1993-ci ilin 15 iyununda Milli Məclisə Sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyi, xalqın milli-mənəvi birliyi, ordunun güclənməsi, iqtisadiyyatın yenidən təşkili, bütün maliyyə məsələlərinin yenidən qaydaya salınması və bir dövlətin var olması üçün nə vacib sayılırdısa, onu etmiş oldu. Məhz o vaxt Ulu Öndər Heydər Əliyev tərəfindən atılan addımlar müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmiş oldu. Hazırda Azərbaycanın inkişaf etməsi, məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB