"Paşinyanın danışıqlar prosesində də yalançı olduğunu göstərməliyik" RƏY-ÖZƏL

"Paşinyanın danışıqlar prosesində də yalançı olduğunu göstərməliyik" RƏY-ÖZƏL

“Erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabitinin qətlə yetirilməsi ilə bağlı ATƏT Minsk qrupu həmsədrlərinə öz narazılığımızı çatdırmaqla yanaşı, sərt bəyanatlar verməli, hətta danışıqlar prosesi ilə əlaqədar korrektələrin aparılması ilə bağlı çağırışlar edilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistana qarşı konkret əməllər olmalı, bütün hallarda cəbhədə mövqeyimiz gücləndirilməli, düşmənə adekvat cavablar verilməlidir.

Politoloq söyləyib ki, hazırki vəziyyətdə Azərbaycan tərəfi Ermənistana adekvat cavab versə, heç kəs etiraz edə bilməz: “Çünki Ermənistan işğal olunmuş ərazilərimizdən bizim əsgərlərimizə və dinc əhaliyə atəş açır, təhlükə yaradır. Vaxtilə helikopter və digər hadisələr zamanı da Azərbaycan Ermənistana sərt cavab verərək düşmənin mövqelərini dəf etmişdi. Düşünürəm ki, bu dəfə belə etməliyik. Müdafiə naziri Zakir Həsənov da vaxtilə bəyan etmişdi ki, əgər ermənilər bizə qarşı hücum edib, təxribat törətsə, o zaman Azərbaycan tərəfi 10 qat daha artığını cavab verəcək. Hesab edirəm ki, artıq bu prinsipi yerinə yetirməyin zamanıdır”.

İ. Vəlizadə qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarında olduğunu başa düşməlidirlər: “Torpaqlarımızda olmaqla etdikləri cinayət azmış kimi, müxtəlif təxribatlara da əl atırlar. Buna yol vermək olmaz. Ermənistan Azərbaycan tərəfindən atılacaq atəşlərin fəsadlarını düşünməlidir”.

Ermənistanda etirazların davam etdiyini xatırladan politoloq deyib ki, burada diqqət çəkən məqam narazı olan şəxslərin “Paşinyan sən yalançısan” şüaurlarını səsləndirməsidir: “Bu, o deməkdir ki, artıq Ermənistan cəmiyyəti Paşinyanın yalanlarını görür və onu özləri ifşa edir. Biz onun danışıqlar prosesində də yalançı olduğunu göstərməliyik. Çünki baş nazir həm Azərbaycana, həm də Minsk qrupu həmsədrlərinə cəbhədə atəşkəsə əməl olunmaq, təxribatların olmaması üçün hətta qırmızı xəttin yaranması ilə bağlı müəyyən vədlər vermişdi. Amma son qətl hadisəsi bir daha sübut etdi ki, Paşinyanın həm danışığı, həm də əməlləri yalandır”.

İ. Vəlizadə əlavə edib ki, Paşinyan “Arsenal” klubunun erməni əsilli futbolçu Mxitaryanın Azərbaycana gəlməsi ilə bağlı məsələlərdə də özünü ən pis tərəfdən göstərdi: “Erməni əsilli idmançının Azərbaycana gəlməməsi ilə bağlı ona dəstək oldu. Hansı ki, Paşinyan xalqların sülhə hazırlanması istiqamətində işlərin aparılmasının vacibliyinin bildirirdi. Budur onun sülhə hazırlığı? Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın baş naziri populist olmaqla yanaşı, həm də yalançıdır. Belə bir insanın hakimiyyətdə qalması ilk növbədə Ermənistan cəmiyyəti üçün təhlükəlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə