Beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi ölkəmizin uğurudur

Beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi ölkəmizin uğurudur

Bu gün Azərbaycan inkişafın bütün istiqamətləri üzrə modelini ortaya qoyub. Ölkəmizdə ictimai-siyasi sabitliyin mövcudluğu dinamik inkişaf tempini qoruyub-saxlayır. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanan ölkəmiz beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi edir. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici buna səbəbdir. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədədir. Bu baxımdan, beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması digər ölkələrlə rəqabətdə üstünlüyə gətirib çıxarır.

BAKI DÜNYADA İDMAN TƏDBİRLƏRİNİN GENİŞ KEÇİRİLDİYİ ŞƏHƏRLƏR SIRASINDADIR
Ölkəmizdə keçirilən tədbirlər, bir daha göstərir ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Tədbirin təşkilatçıları olan tərəfdaşlar da beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün, ilk növbədə, sabitliyin, təhlükəsizliyin təmin olunduğu və inkişaf edən ölkələrə etimad göstərirlər. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir.
Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında təəssüratları genşləndirir və respublikamızın imicinə müsbət təsir göstərir.
Bu gün Azərbaycan artıq dünyada yüksək templərlə inkişaf edən idman ölkəsi kimi də tanınır. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuş oldu. Bu yarışlar həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. "Formula-1" yarışlarını 500 milyondan artıq insan izlədi.
UEFA AVROPA LİQASININ FİNAL OYUNUNA EV SAHİBLİYİ ETMƏSİ DÜNYANIN DİQQƏTİNİ YENİDƏN PAYTAXTIMIZA YÖNƏLTDİ
Mayın 29-da Bakının UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etməsi dünyanın diqqətini yenidən paytaxtımıza yönəltdi. Beynəlxalq tədbirlərin təşkilinə məsuliyyətlə yanaşan Azərbaycan növbəti bir uğura da imza atdı. Final oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olunması fikirlərimizi təsdiqləyir. Bakıda futbol həyəcanı yaşandı. Azərbaycan UEFA Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etdi. Bu nüfuzlu tədbirin uğurla keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən, bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını, bir daha nümayiş etdirdi.
Təbii ki, final oyununun Azərbaycanda keçirilməsi ölkəmizin uğurudur. Final oyununun keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi zamanı, Bakıya qarşı çox güclü rəqiblər olmuş olsa da, üstünlük paytaxtımıza verilmişdi. Bu, Azərbaycanın ildən-ilə artan nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahələrinin, o cümlədən, futbol infrastrukturunun yaradılması, yeni stadionların, xüsusilə, Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla, həyata keçirilən ümumi sosial-iqtisadi siyasətin uğurudur. Mükəmməlliyi ilə diqqəti cəlb edən Bakı Olimpiya Stadionu beynəlxalq standartlara tam cavab verən idman obyektidir. Stadion müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Belə bir məkanda UEFA Avropa Liqasının final oyununun çox yüksək səviyyədə təşkil olunması, onu da göstərir ki, 2020-ci ildə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının keçiriləcək oyunları da çox yüksək səviyyədə təşkil olunacaq.
Ötən illər olduğu kimi, Azərbaycanda növbəti illərdə də bir sıra mühüm idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bunlardan biri ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri olan "Formula - 1" yarışmasıdır ki, artıq Azərbaycan dörd dəfə bu yarışa böyük müvəffəqiyyətlə ev sahibliyi etmişdir. Qarşıdan gələn illərdə də ölkəmiz öz yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirəcəkdir. Bütün bunlar, Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi ölkəmizdə mövcud olan sağlam mühitin və dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların məntiqi nəticəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə