Lənkəran Tarix Diyarşünaslıq Muzeyində qəzalı vəziyyət yaranıb

Lənkəran Tarix Diyarşünaslıq Muzeyində qəzalı vəziyyət yaranıb

1991-ci ildən Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən qədim memarlıq abidəsi olan Mirəhməd Xanın evinin otaqlarında çatlar yaranıb. SİA-nın cənub bürosunun məlumatına görə, ən bərbad vəziyyət isə muzeyin ikinci mərtəbəsində olan otaqların birindədir. Otağa daxil olmaq qorxulu olduğundan oradakı eksponatlar da artıq digər otaqlara köçürülüb. Muzeyi ziyarətə gələn qonaqlar isə həmin otağa buraxılmır.

Yaranan problemə baxmayaraq muzey öz fəaliyyətini dayandırmayıb. Muzeydə istilik sisteminin olmaması da yaranan qəza vəziyyətini daha da ağırlaşdırır. Artıq rütubətdən birinci mərtəbədə olan otaqlarda da çatlar və qopmalar artıb.

Yaranan vəziyyətə münasibət bildirən Lənkəran Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimov narahatçılığa heç bir əsas görmür. Onun sözlərinə görə, binada yaranan vəziyyət nəzarət altındadır. O, həmçinin əlavə edib ki, muzey tarixi mədəniyyət abidəsi olduğu üçün orada hər hansı bərpa işlərinin aparılması onların ixtiyarında deyil. Restavrasiya işi ancaq Abidələrin Bərpa İdarəsi tərəfindən aparılır.

Qeyd edək ki, Lənkərana xüsusi gözəllik verən bu möhtəşəm abidə 1913-cü ildə Mirəhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə Avropadan gətirlimiş mütəxəssislər tərəfindən inşa olunub. Abidə Lənkəranda ilk çoxmərtəbəli bina kimi tarixə düşüb.

Qeyd edək ki, təkcə 2010-cu ildə Tarix Diyarşünaslıq Muzeyini ziyarət edənlərin sayı 32 mindən çox olub. 700 kv metr sahəsi olan muzey 6 şöbədən ibarətdir. Hazırda muzeydə 6350 eksponat saxlanılır. Tarix Diyarşünaslıq Muzeyində son dəfə 2003-cü ildə bərpa işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə