Deputatımız bu gün Cenevreyə yola düşəcək

Deputatımız bu gün Cenevreyə yola düşəcək
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiyadakı əməliyyatların rəhbəri xanım Paskal Meij-Vagnerin dəvəti ilə bu gün Cenevrəyə yola düşəcək. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı deputatımız "Sülhün yaranmasında qadınların rolu" mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Ötən il Brüsseldə, Tbilisidə və Bakıda təşkil olunmuş görüşlərin davamı kimi nəzərdə tutulan bu tədbirdə itkin düşmüş insanların taleyi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Millət vəkili məsələ ilə əlaqədar fikirlərini açıqlayacaq, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verəcək.

Səfər fevralın 6-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə