Elçin Mirzəbəyli: “İranın indiki rejimi həm Tunis, həm də Misir rejimindən dəfələrlə aqressiv, dəhşətli və insanlıq əleyhinə olan bir rejimdir” - AÇIQLAMA
"Vaşinqtona görə, Orta Şərqdə baş verən qiyamlar ABŞ-İran qarşıdurmasının bir parçasıdır. Bu doğrudursa, o zaman ABŞ döyüşü uduzubdur". SİA-nın FARS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözlər ABŞ-lı ekspert Stefen Kinzer "Newsweek" jurnalına açıqlamasında deyib.
ABŞ-ın Orta Şərq uğrunda apardığı döyüşü qəti olaraq itirdiyini vurğulayan ekspert hesab edir ki, rəsmi Vaşinqton xarici siyasəti formalaşdırarkən "soyuq müharibə" dövründəki siyasi strategiyalara söykənir: "Halbuki soyuq müharibə dövründən bu yana Orta Şərqdə hakim olan təhlükəsizlik atmosferi əhəmiyyətli dərəcədə dəyişib. ABŞ-ın bu axmaq siyasəti qarşısında İran bölgədə nüfuzunu artırmağa və Misir müxalifəti ilə əlaqə qurmağa çalışır".
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, bölgədə baş verən proseslərdə İran heç bir rola malik deyil. O, İranın imkanlarının faktiki olaraq sıfıra bərabər olduğunu deyib. Misirdəki müxalif "Müsəlman Qardaşları" təşkilatının nüfuzlu bir qurum olduğunu qeyd edən E.Mirzəbəyli bildirib ki, bu təşkilatın bir çox ölkələrdə, o cümlədən Suriyada nümayəndəliyi var. Təşkilatın İranın yürütdüyü dini siyasətin əleyhinə olduğunu dilə gətirən E.Mirzəbəyli hesab edir ki, dünyanın diqqət mərkəzində olan Misir hadisələrində İranın hər hansı bir rola malik olması tamamilə istisnadır. O, eyni hadisələrin Tunisdə də izlənildiyini vurğulayıb və qeyd edib ki, eyni prosesi digər ərəb ölkələrində də hiss etmək mümükündür: "Nəzərə alsaq ki, ərəb ölkələrində İranın yürütdüyü siyasətə qarşı aqressiv bir münasibət var, heç bir ərəb ölkəsi İranı islam təmsilçisi kimi qəbul etmək istəmir, əksinə İranı islam birliyinə zərbə vuran bir dövlət kimi münasibət bəsləyirlər, o baxımdan irəli sürülən iddialar tamamilə əsassızdır".
E.Mirzəbəyli hesab edir ki, İranın bu ölkələrdə insan hüquqları və azadlıqlarının pozulduğunu iddia etməyə əsası yoxdur: "İnsan hüquq və azadlıqlarının pozulmasına qalarsa, bu gün ən acınacaqlı vəziyyət İrandadır. İran rejiminin yürütdüyü siyasət nəticəsində bu ölkədə yaşayan 35 milyonluq Azərbaycan türklərinin heç bir hüquqları yoxdur. Bütövlükdə isə insanlar bəzi hallarda məhkəmənin hökmü olmadan edam olunurlar. Siyasi motivlərlə edam olunan insanların sayı digər cinayətlərə görə edam olunanların sayından dəfələrlər çoxdur. Müqayisə üçün İranın indiki rejimini həm Tunis, həm də Misir rejimindən dəfələrlə aqressiv, dəhşətli və insanlıq əleyhinə olan bir rejim kimi qiymətləndirmək olar. Ona görə də, hesab edirəm ki, İran demokratik islahatlar tələb edən insanlara qarşı həmişə sərt mövqedə dayandığı kimi, bundan sonra da münasibətini dəyişməyəcək".
Xarici ekspertlərin fikrincə, Misirdə gözlənilən hakimiyyət dəyişikliyi İsrail üçün yaxşı heç nə vəd etmir. Onlar Misirin indiki hakimiyyətinin İsrailin müttəfiqi olduğunu əsas gətirərək bədbin proqnozlar verirlər. E.Mirzəbəyli qeyd edib ki, İsrail indiyə kimi yürütdüyü siyasətin yanlışlığı ucbatından bir çox problemlərlə qarşılaşıb. Misirin indiyə kimi İsrail ilə ərəb dövlətləri arasında bufer rolunu oynadığını, İsrailin təhlükəsizliyinin qarantı kimi çıxış etdiyini vurğulayan politoloq İsrailin sözügedən hakimiyyət dəyişikliyindən narahat olduğunu söyləyib: "İsrail narahatdır ki, Misirdə hakimiyyət dəyişikliyi baş verəcəyi halda İsrail üçün təhlükə ola bilər. Təbii ki, Misirin demokratik bir ölkəyə çevrilməsi İsrailin ənənəvi metodlarından əl çəkməsinə səbəb olacaq. Eyni zamanda İranın Fələstindəki bəzi qüvvələrə dəstək verməsinin qarşısı alınacaq. Regionda demokratik bir dövlətin mövcudluğu istər-istəməz ekstremist qüvvələrin də tərksilah olmasına zəmin yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB