"Rəsmi Bakı Makronun səfərinin bu il reallaşmasını istəyir" ÖZƏL-RƏY

"Rəsmi Bakı Makronun səfərinin bu il reallaşmasını istəyir" ÖZƏL-RƏY

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Brüsseldəki toplantısından sonra Bakıya qayıtmayaraq Fransaya səfər etməsinin və Parisdə görüşlərə ehtiyac duymasının bir neçə səbəbi ola bilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Fransa Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarındandır: “Fransa şirkətlərinin Azərbaycanda investisiyaları var. Rəsmi Bakı bu investisiyaların artırılmasında maraqlıdır. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. Rəsmi Bakı Fransanın münaqişənin həllində hansı yeni təşəbbüsləri ola biləcəyini müəyyənləşdirmək istəyir. Bundan başqa Azərbaycan Fransa ilə hərbi əməkdaşlığa da başlamaq istəyir. Təşəbbüslər var, sadəcə bunları reallaşdırmaq lazımdır.

Fransa prezidenti Emmanuel Makron keçən il Azərbaycana səfərə gəlmədi. Halbuki, belə bir səfər planlaşdırılırdı və iki dəfə təxirə salındı. Rəsmi Bakı bu səfərin bu il reallaşmasını istəyir. Makron keçən il Bakıya deyil, İrəvana getdi. Bundan sonra Makron “erməni soyqırımının” hər il aprelin 24-də Fransada qeyd olunacağı haqqında fərman verdi. Keçmiş prezident Nikol Sarkozinin də Ermənistana və ermənilərə rəğbəti var idi, ancaq o heç olmazsa Azərbaycana da gəlirdi və Bakı ilə dialoqdan qopmurdu. Əgər Makron bu il də Azərbaycana gəlməsə bu iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə