“İran 30 milyondan çox Azərbaycan türkünün haqlarını görməməzlikdən gələn bir ölkə kimi tanınmaqdadır”
Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İstanbul təmsilçiliyi, Türk Dünyası Kültür və İnsan haqqları dərnəyi və Bolqarıstan türkləri Kültür və Hizmət Dərnəyi ilə birgə son zamanlar İran İslam Respublikasının bir sıra rəsmi dairələri tərəfindən Azərbaycan dövlətinin daxili işlərinə qarışacaq tərzdə verdikləri açıqlamalar ilə əlaqədar etiraz bəyanatı qəbul edilib.
BDM-dən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: "Son zamanlarda İran İslam haqları Məclisinin xarici işləri və milli təhlükəsizlikdən məsul komissiya başçısı Alaeddin Burucerdi, İran Parlamentinin millət vəkilləri və bəzi din böyüklərinin mətbuat vasitəsiylə Azərbaycanda gedən ictimai-siyasi vəziyyətlə əlaqədar ölkənin daxili işlərə dirək müdaxilə məqsədi daşıyan bəyanatları bizləri içdən narahat edir. Təəssüflə qeyd edirik ki, özünü Azərbaycanın dostu kimi təqdim etməyə çalışan İran dövlətinin bəzi qüvvələri İslam dəyərlərini qorumaq adı altında beynəlxalq hüququn prinsiplərinə və dostluq əlaqələrinə zidd bəyanatları verməkdən çəkinmir. Biz eyni zamanda onu da acı duyğularla xatırlatmaq istəyərdik ki, özünü islamın qoruyucusu kimi müsəlman dünyasına təqdim etmək istəyən İran, Azərbaycan torpaqlarının yüzdə iyirmisini işğal etmiş, 30 mindən çox müsəlmanı qətl etmiş, Ermənistanla strategiya, ortaqlıq əlaqələri qurmaqdan çəkinmir. Halbuki, ermənilər keçən əsrdə dörd dəfə hücum əsnasında öz tarixi etnik torpaqlarında yaşayan Azərbaycan türklərini İrəvan və Zəngəzur mahalından sürgün edərək mühacir və məcburi immiqrant vəziyyətinə salıb. 50 mindən çox insan yaralanmış və şikəst qalmış, 890 məskunlaşma yerləri , 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 körpələr evi, 44 tarixi abidə, 90 məscid dağıdılaraq yerlə bir edilib.
Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində etdiyi soyqırım əsnasında isə 613 adam qətl edilmiş və 8 ailə tamamilə yox edilib. Buna baxmayaraq, İran təcavüzkar Ermənistanla bütün sahələrdə sıx əlaqələr qurmaqdadır. Birlikdə proyektləri həyata keçirir, işğalçı dövlətə hər sahədə dəstək verir. İran dünyada tək İslam dövləti olaraq Ermənistanı dəstəkləyir.
Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edən İran nədənsə öz torpaqlarında məcburi şəkildə mühacir vəziyyətinə salınmış 1 milyondan çox azərbaycanlının əsasən insan hüququnu və azadlığını unudur, işğal olunmuş torpaqlarda məscidlərin, dini məbədlərin dağıdılması haqqında danışmaq belə istəmir. Bu gedişatlar İran Azərbaycan arasındakı mənəvi bağları zəiflədir. Eyni zamanda İran 30 milyondan çox Azərbaycan türkünün haqqlarını görməməzlikdən gələn bir ölkə kimi tanınmaqdadır. Azərbaycanlılar ana dilində təhsil almaq, milli mədəniyyətləri, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilib. Azərbaycan xalqının şərəfli tarixi bilərəkdən saxtalaşdırılmış, milli ədəbiyyatları farslaşdırılıb.
BMT tərəfindən qəbul edilmiş insan haqqlarını heçə sayan İran, orada yaşayan 30 milyon azərbaycanlının dil və mədəniyyət azadlıqlarını məhdudlaşdırıcı siyasət yürtməməkdən çəkinməməkdədir.
Əslində tarixinə və bugünkü əhali nisbətinə baxıldığında "Türk Dövləti" olması lazım olan İran Dövlətinin, özünü "Türk" və "Müsəlman" düşməni mövqesinə salması, həm İranı, həm də türk-İslam dünyasını dərin narahatlıqlara sövq etməkdədir. İran Dövləti və rəhbərlərindən tələbimiz "Türk" və "Müsəlman" –lara olan münasibəti yaxşı analiz edərək sözdə Ermənistan dövlətinə göstərmiş olduğu qayğıya bir an son verərək, tarixin bundan sonrakı səhifələrinə "Türk" və "İslam" dostu olduğunu göstərməsidir.
Biz İranın yüksək dairələrini Azərbaycan torpaqlarını işğal etmiş minlərlə insanı qətl etmiş, yüz minlərlə azərbaycanlını öz yurdundan sürgün etmiş Ermənistanla əməkdaşlıq etməkdən imtina etməsini istəyirik. Eyni zamanda 30 milyondan çox Azərbaycanlının bütün milli hüquqlarına hörmət ilə yanaşmasını, soydaşlarımızın ana dilində təhsil almasını, öz milli-mənəvi dəyərlərini yaşatmalarına imkan təmin edilməsini tələb edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB