Sevda İlhamqızı: “Milli.az xəbər portalı sınaqlardan uğurla çıxdı” - MÜSAHİBƏ

- Milli.az xəbər portalının yaradılmasına ehtiyac nədən yarandı?

 

- Day.az Media Şirkətinin rus və ingilis dillərində portalları var idi, təbii ki, ana dilimizdə də xəbər saytının yaradılmasına ehtiyac vardı. İnformasiya resursları nə qədər çox olsa, cəmiyyət üçün o qədər faydalıdır. Artıq müasir insan xəbərsiz yaşaya bilməz. Dünyaya açılmaq, hər şeydən xəbər tutmaq, biliyini və dünyagörüşünü artırmaq üçün mütləq kütləvi informasiya vasitələrini izləmək lazımdır. KİV-in, xəbər istehsalçılarının fəaliyyəti də bu xidmətin üzərində qurulur. O səbəbdən xəbər resurslarına hər zaman ehtiyac var.

 

- Qət edilən yolda hansı uğurlar qazanılıb?

 

- Fəaliyyətə başlamağımızın bir ili tamam oldu, bu il ərzində biz ictimaiyyətin bir xəbər saytından istədiyi və gözlədiyi nədirsə, onu verməyə çalışdıq. Bizim əsas məqsədlərimiz, ilk növbədə cəmiyyəti məlumatlandırmaq, informasiya təminatçısı funksiyasını uğurla icra etmək, həm də ölkəmizdə və dünyada bütün azərbaycandilli auditoriyanın xəbər saytı olmaqdır. Uğurlarımız çox oldu, ən böyük uğurumuz hər gün milli.az-ı oxuyan minlərlə insandır. Dünyada insan faktorundan önəmli heç nə yoxdur. Hər bir şirkət, hər istehsalçı insanlara, cəmiyyətə xidmət edir. Biz də xəbər istehsalçısı olduğumuz üçün cəmiyyətə informasiya çatdırmaq öhdəliyini daşıyırıq. Bu gün gündəlik olaraq, 10 min insan oxuyur. Bu rəqəm artacaq. Çünki, biz indiyədək geniş təbliğat və reklam kampaniyası aparmadıq. Milli.az-ı daha çox insan tanıdıqca, oxucu auditoriyası da genişlənəcək. Bizim üçün çox sevindiricidir ki, milli.az xəbər portalı yaranması ilə ilk gündən böyük uğura imza atdı. Rəsmi sayğac göstəricilərinı yada salsaq, sayt açılanda elə ilk aydaca 2500 nəfər oxucu cəlb edə bildik. Bu, Azərbaycanın internet məkanında ilk belə hal idi. Nəzərə alın ki, Azərbaycanda internet istifadəçilərinin böyük əksəriyyəti gənc nəslin nümayəndələridir və onların maraq dairəsinə əsasən, əyləncə tipli saytlar daxildir. Bu baxımdan, ciddi saytların, xəbər resurslarının istifadəçiləri təəssüf ki, onlarla müqayisədə çox azdır. Bu baxımdan yeni yaradılmış xəbər saytının tez bir zamanda geniş kütləni əhatə edə bilməsini rekord göstərici hesab etmək olar. Dediyim kimi, ictimai reklam kampaniyası aparılmadan biz buna nail olduq, sayt öz gücünü sınadı və bu sınaqdan uğurla çıxdı. Saytın qazandığı populyarlıq özünü ictimai qiymətləndirmədə də əks etdirdi. 2010-cu ilin yekunlarına görə, milli.Az xəbər portalı "İlin şirkəti" Milli Mükafatına layiq görüldü. MiniMax Media Holdingin nəşri olan "Consulting&Business" jurnalı tərəfindən hər il biznes sahəsindəki uğurlara görə verilən bu nüfuzlu mükafat "İlin xəbər portalı" nominasiyasında milli.az-a təqdim olundu. Bildiyiniz kimi, ötən ilin sonunda Gülüstan Sarayında bu mükafatın təntənəli təqdimat mərasimi də keçirildi.

 

- Milli.az yaradılanda informasiya məkanında vəziyyət necə idi?

 

- Xəbər qıtlığı yox idi. Əksinə, milli.az-ın yaradılması media sahəsinin ən çox inkişaf etdiyi, çoxsaylı xəbər resurslarının mövcud olduğu bir dövrə təsadüf etdi. Azərbaycan müstəqilliyini qazandığı vaxtdan bəri milli mətbuatımızın inkişafı davam edir. 1991-ci ildən bəri çoxsaylı qəzetlər, informasiya agentlikləri, xəbər saytları yaradılıb. İnkişaf özünü internet məkanında çoxlu sayda xəbər saytlarının, internet qəzetlərin yaranmasında da göstərir. İnformasiya mənbələrinin sayı olduğundan biz çox böyük bir rəqabət mühitinə düşdük. İşin çətin tərəfi də burdadır – siz tək deyilsiniz, çoxsaylı qurumlarla, saysız-hesabsız insanlarla bərabər eyni işi görürsünüz. Nə etməlisiniz ki, bu çoxluğun içində itib-batmayasınız? Əksinə, fəqrlənəsiniz, sizi hamı oxusun, sizə üstünlük versinlər. Bax, bütün bunlar milli.az yaranan vaxt xəbər sahəsindəki vəziyyətin diktə etdiyi tələblər idi.

 

- Hansı problemlərlə qarşılaşırsınız, ümumiyyətlə xəbər portalı sahəsində nə kimi problemlər var?

 

- Mən fəaliyyətimiz üçün ciddi problem görmürəm. Uğur qazanması üçün insandan böyük əməksevərlik, bacarıq tələb olunur. İşinizin bilicisi, peşəkarısınızsa, qarşınızda süni əngəllər yoxdur, irəli getmək, hədəfinizə çatmaq üçün öz qabiliyyətlərinizə güvənməlisiniz. İşinizi düzgün qurursunuzsa, probleminiz də olmayacaq. Azərbaycanda media sahəsində fəaliyyət göstərmək üçün kifayət qədər dözümlü mühit, normal şərait var. Hək kəs qəzet aça, öz saytını yarada bilər. İnternet sahəsi xüsusilə azad bir məkandır. Bu azad məkanda işləmək, yaratmaq üçün heç kim heç kimə mane olmur. Qalanı isə, dediyim kimi, hər kəsin öz bacarığından asılıdır.

 

- Mətbuat həmişə reklam bazarının olmamasından şikayətlənir. Sizdə bu sahədə vəziyyət necədir?

 

- Mətbuatın azad reklam bazarı olmalıdır. Mətbuat bu məsələdə gileylənməkdə haqlıdır. Reklamvericilər KİV arasında daha çox televiziyalara üstünlük verirlər. Reklamlarını mətbuatla müqayisədə on dəfələrlə baha qiymətə telekanallarda yayımladırlar. Bunu da başa düşmək olar, TV-lərin yayım dairəsi, əhatə etdiyi insan sayı digər media qurumları ilə müqayisədə xeyli çoxdur. Ona görə də şirkətlər, istehsalçılar digər növ mətbuatla çox da sıx işləmirlər. Amma bu, o demək deyil ki, internet sahəsində reklam bazarı yox səviyyəsindədir. Əksinə, reklamçılar artıq internetə gəlməyə başlayıblar. Çünki, informasiya texnologiyaları dövrü, internet əsridir. Dünya artıq, məcazi dildə desək, internetə yerləşib. Dünyanı internetdə görürsünüz, axtardığınız hər şeyi internetdə tapırsınız. Virtual dünyanın imkanları çox genişdir. O baxımdan hətta deyərdim ki, belə getsə, internet televiziyalar üçün ən böyük rəqib sayılacaq. Baxmayaraq ki, televiziyalar da internetin imkanlarından çox yararlanrlar, amma tamaşaçı kütləsinin marağını cəlb edə bilməsələr, auditoriyasını internetə uducazaqlar. İnternet saytlarının günü-gündən çoxalması da bunu göstərir. İnternetə təlabat çoxaldıqca, burada reklamın inkişafına da geniş şərait yaranacaq. Bizim də reklamçı müştərilərimiz var və dediyim səbəblərə görə də getdikcə çoxalacaq.

 

- Milli.az da daxil olmaqla, xəbər portalları oxucunu razı sala bilirmi?

 

- Bu suala ən dəqiq oxucular özləri cavab verə bilərlər. Mən hər nə qədər onların gözü ilə baxmağa çalışsam da, mövqeyim subyektiv ola bilər. Amma biz oxucuların təlabatını ödəməyə çalışırıq, bir az əvvəl qeyd etdiyim kimi, bir xəbər saytından istədiyini oxucuya verməyə səy göstəririk. Çalışırıq ki, insanlar axtardığı hər bir məlumatı burda tapa bilsin, onu maraqlandıran məsələlər barədə oxuyub tanış olsun. Bəzən ola bilər ki, kimsə saytdakı hansısa xəbərlərdən narazı qalsın, amma portalımızda hər bir şey oxucuların maraqlarını, zövqlərini, fikir müxtəlifliklərini nəzərə aldığımız üçün edilir. Kimlərsə siyasətlə maraqlanır, yaxud iqtisadi inkişaf tempini izləyir, kimlərsə idman həvəskarlarıdır, kimlərlə daim mədəniyyət, şou-biznes xəbərlərini oxuyur, gənclər daha çox maraqlı, əyləncəli xəbərlər, video-materiallar izləmək istəyir, oxucuların hansısa qismi avtomobil həvəskarıdır və s. Biz geniş oxucu kütləsinə xidmət etdiyimiz üçün hər bir sahəni işıqlandırmalıyıq. Odur ki, hər kəsin maraq dairəsini əhatə etməyə çalışırıq.

 

- Gələcək planlarınız nələrdir?

 

- Təbii ki, portalımızı inkişaf etdirmək. Oxucuları daha nələr maraqlandırır, cəmiyyəti hansı mövzular, hansı problemlər düşündürür – bunları araşdırırıq və müraciət etdiyimiz mövzular daha da genişləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə