"Veteranlar qayğı ilə əhatə olunduqları üçün qürur duyurlar" AÇIQLAMA-ÖZƏL
“9 may - Qələbə günü Azərbaycan üçün önəmlidir və bu bayramı qeyd etməyə mənəvi haqqımız çatır. Çünki qələbənin əldə olunmasında 700 mindən çox azərbaycanlı iştirak edib və yarıdan çoxu müharibədən geri dönməyib”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, II dünya müharibəsində 124 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb: “Minlərlə azərbaycanlı SSRİ kimi dövlətin ali orden və medallarına layiq görülüb. Müharibə illərində Azərbaycan cəbhənin 80 faizini neftlə təmin edib. Ölkəmizdən 123 çeşiddə silah-sursat hazırlanıb müharibəyə göndərilib. Azərbaycanda 28 hospital fəaliyyət göstərib. Hansı ki burada yüzlərlə yaralı müalicə olunub, yenidən müharibəyə qaytarılıb”.
Təşkilatın sədr müavini söyləyib ki, müharibə zamanı azərbaycanlılar qələbəyə nail olmaq üçün öz ehtiyat qızıllarını, pullarını müharibə göndərib, analarımız corab toxuyub, paltar tikərək cəbhəyə göndəriblər: “Bütün bunlara görə də Azərbaycanın, xalqımızın alman faşizmi üzərində qələbənin 74-cü ilini qeyd etməyə haqqı çatır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim də üzərimizə düşən əsas vəzifələrdən biri müharibədə həlak olanları anmaq, sağ olanlar haqqında gəncləri məlumatlandırmaqdır”.
Azərbaycan dövləti və xüsusilə də Prezident İlham Əliyevin veteranlara olan diqqətindən söz açan C. Xəlilov qeyd edib ki, ölkəmizdə bütün kateqoriyadan olan veteranlara, o cümlədən böyük vətən müharibəsi iştirakçılarına hər zaman qayğı ilə yanaşılır: “Ötən gün maddi bazamızın gücləndirilməsi ilə bağlı ayrılan maliyyə yardımı, bundan əvvəl təşkilat üçün ayrılan ofis, ümumilikdə hər il veteranlara bayramdan öncə birdəfəlik maliyyə yardımlarının ayrılması diqqətin bariz göstəricisidir. Veteranlarımız da bu gün həm dövlət, həm ölkə başçısı, həm də cəmiyyət tərəfindən qayğı ilə əhatə olunduqları üçün qürur duyurlar ”.
Ehtiyatda olan polkovnik xatırladıb ki, 90-cı illərin əvvəllərində Azərbaycanda bir müddət Qələbə gününün qeyd edilməsinin ləğvi veteranlar arasında narazılıq yaratmışdı: “Lakin Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 9 may tarixi böyük bayram kimi qeyd olunmağa başlandı, hətta veteranlarla bağlı qanun da qəbul olundu. Ulu Öndərin hakimiyyəti dövründə veteranlarla bağlı atılan addımlar bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş, daha güclü şəkildə atılmaqdadır. Son dövrlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan 20 dən çox sənədlər bütün kateqoriyalı veteranları əhatə edir. Veteranların sosial müdafiəsinin yaxşılaşdırılması daim diqqətdədir. Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizdə elə bir müharibə iştirakçısı yoxdur ki, evlə, avtomobillə təmin olunmasın. Bundan əlavə onlar müxtəlif sanator müalicə, reabilitasiyalardan yararlanırlar”.
Təşkilatın sədr müavini əlavə edib ki, 9 may – Qələbə gününü Azərbaycan bu gün də, sabah da və gələcək də qeyd edəcək, tarixdə iz qoyan insanları, qəhrəmanları yada salacaq: “Hesab edirəm ki, Azərbaycan gəncliyi veteranlarımızın təcrübələrindən istifadə etməli, bu qələbəni Qarabağda təkrar etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB