Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm və qüdrətli müasir Azərbaycan dövlətinin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və O, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.
Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Dahi Şəxsiyyət Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından, başlıca məzmunu isə azərbaycançılıqdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələcək bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi idi.
Dahi Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu Öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına qoşulmuşdur. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər və uğurlar əldə edilmişdirsə, bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində, ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur.
Dahi Şəxsiyyət Heydər Əliyev, ən qısa zaman kəsiyində, yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Cəmiyyətin öz içərisində ideyanı duyan, konkret tarixi spesifikaya uyğun tətbiq edən və yeni ideyaları milyonlara çatdıra bilən siyasi lider hər şeyə qadirdir”.
Bəli, bu gün Azərbaycan, sözün əsl mənasında, yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir, Azərbaycan öz qüdrətini daha da artırır. Dahi Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olunması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. 2003-cü ilədək əldə edilmiş sabitlik və inkişaf son illər ərzində milli büdcənin həcmini 10 dəfədən çox, o cümlədən, müdafiə büdcəsini bir neçə dəfə, adambaşına düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə qaldırmağa imkan vermişdir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, Azərbaycan iqtisadi inkişaf sürətinə görə, dünyanın aparıcı dövlətləri sırasında yer almışdır. Son illər ərzində, Azərbaycan rəqabət indeksi üzrə dünyanın 60 ölkəsi içərisində, postsosialist məkanında isə ilk yerlərdə təmsil olunmuşdur. Adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan regionda lider, dünyada isə ilk onluqdadır. Azərbaycan dünyanın ən islahatçı ölkəsidir. Rəqabətədavamlılıq sahəsində Azərbaycan MDB ölkələri arasında şəksiz liderdir. Son illərdə həyata keçirilmiş tədbirlər ölkədə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmış, 800 mindən çox yeni iş yeri açılmışdır. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir, informasiya-kommunikasiya vasitələrinin səmərəli inkişafı sayəsində ölkəmiz mühüm intellektual mərkəzə çevrilir. Bunların hamısı bir daha ölkəmizin sürətli inkişafının və modernləşməsinin bariz nümunəsidir. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunmasında müqəddəs
Tanrımızın xalqımıza xoşbəxtlik rəmzi olaraq bəxş etdiyi gənc və uzaqgörən Liderimiz İlham Əliyevin fəalliyyəti danılmaz bir həqiqətdir. Dahi şəxsiyyətin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev böyük əzmkarlıq və mətanət göstərməklə Azərbaycanımızı qət olunması çətin sayılan zirvələrə ucaldır, dövlətçiliyimizi və tarixi müstəqilliyimizi daha da möhkəmləndirir.
Elnurə Cəfərzadə,
fəal gənc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB