BSU-nun kollektivi Ümummilli Liderin 96-cı ildönümü ərəfəsində Cocuq Mərcanlıya səfər edib
Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə BSU-nun çoxsaylı müəllim və tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Ulu Öndərin 96-cı ildönümü ərəfəsində baş tutan tədbirdə universitetin kollektivi iştirak edib.
Səfər marşurutuna, həmçinin, Sabirabad rayonundakı Şəhidlər Xiyabanında uyuyan milli qəhrəmanlarımız Mübariz Əhmədovun, Fərhad Ağayevin, Murad Mirzəyevin məzarlarını ziyarət etmək daxil edilib. Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov və aparat üzvləri qonaqları rayon mərkəzində qarşılayıb və birgə xiyabana baş çəkərək, müharibə qəhrəmanlarının məzarlarının üzərinə gül-çiçək dəstələri düzüblər. Qeyd edək ki, milli qəhrəman Mübariz Əhmədov BSU-da təhsil almış və Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Tədbir iştirakçıları Sabirabad şəhidlərinin məzarını ziyarət edikdən və onların abidələrinin üzərinə gül dəstələri düzdükdən sonra yollarına davam ediblər.
BSU-nun nümayəndə heyəti Cocuq Mərcanlı səfəri çərçivəsində, həmçinin Füzuli rayonun Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış əzəmətli «aprel şəhidlərinə xatirə» abidəsini də ziyarət etmiş və abidənin önünə gül dəstələri düzüblər.
Cocuq Mərcanlı kənd tam orta məktəbində universitet nümayəndələrini Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılayıb, məktəbin direktoru Zamin Həziyev məktəb barədə qonaqlara ətraflı məlumat verib. O, 1990-cı illərin əvvəlində ermənilər tərəfindən işğal olunmuş kənddə bütün infrastrukturların dağıdıldığını, kəndin xarababazara çevrildiyini bildirib. Z.Həziyev qeyd edib ki, 2016-cı il aprel döyüşlərində igid Azərbaycan əsgərləri Lələtəpəyə zəfər bayrağını sancdıqdan sonra, qısa müddət ərzində, kənd tamamilə yenidən qurulub, məktəb, məscid, klub binası tikilib, park salınıb. BSU-nun rektoru, professor N.Əliyeva çıxışına Ümummilli Lider Heydər Əliyevin bir qarış torpağımız da düşmən tapdağı altında qalmayacaq fikrini xatırlatmaqla başlayıb. O, Ulu Öndərin doğum günü ərəfəsində cəbhə bölgəsində yerləşən belə bir abad kənddə olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb.
Daha sonra məktəb şagirdləri qonaqlar üçün vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər. BSU nümayəndələri məktəbə sutəmizləyici «Spenser» aparatı, laminasiya qurğusu, məktəb kitabxanasına xeyli sayda kitab hədiyyə verib, hər bir məktəbliyə ayrılıqda hədiyyə bağlaması təqdim ediblər. Qonaqlar daha sonra ağacəkmə aksiyası keçirərək, Bakıdan gətirdikləri tingləri məktəb həyətində əkib-sulayıblar. Səfərin ən maraqlı məqamlarından biri də Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanışlıq olub, uşaq bağçasına, məscidə baş çəkib və istirahət üçün nəzərdə tutulan parkda gəzintiyə çıxıblar.
Konsertdən öncə, söz alan tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Ulu Öndərin doğum gününün işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində qeyd edilməsini gələcək böyük qələbələrin xoş sorağı kimi dəyərləndirib. O, növbəti bayram şənliklərinin Şuşada, Qubadlıda, Zəngilanda keçirilməsini, Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanmasını arzu etdiyini dilə gətirib.
BSU-nun tələbələri «Qayıdış» İcma Klubunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş «Ümummilli Lider-xalqın qəhrəman oğlu» adlı geniş konsert proqramı ilə çıxış ediblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB