Dövlət başçısının sistemli və davamlı xarakter daşıyan növbəti humanist addımı

Dövlət başçısının sistemli və davamlı xarakter daşıyan növbəti humanist addımı

İlham Əliyev: "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır"

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək böyük nailiyyətlərə imza atılıb. Uğurla həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişaf proqramları Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərib. Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında özünü büruzə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində, əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbə qazanmasından sonra ötən bir bir il ərzində ölkəmizdə bütün sahələr daha da inkişaf edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi, "Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib... Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır".
Belə ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilib, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, qaçqın və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz həcmində artırılıb.
MAVİ QAZIN İLLİK SATIŞ TARİFİ 1700 KUB METRDƏN 2200 KUB METRƏDƏK YÜKSƏLDİLİB
Prezidentin sistemli və davamlı xarakter daşıyan sosial siyasətinə uyğun olaraq, növbəti humanist addım da atılıb. Görülən bu və ya digər işlərin davamı olaraq, bu günlərdə dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial rifahının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda təbii qazın istifadə limiti də artırılıb. Belə ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib. İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.
Göründüyü kimi dövlət başçısı hər zaman öz vətəndaşına qayğı ilə yanaşır, onun prolemlərini həlli istiqamətində ciddi addımlar atılır. "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır", - deyən dövlət başçısı bildirib ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar: "İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq".
"BU GÜN QAZLAŞDIRMANIN SƏVİYYƏSİNƏ GÖRƏ AZƏRBAYCAN DÜNYADA LİDER ÖLKƏLƏRDƏNDİR"
Bu gün ölkəmizdə istər iqtisadi, istərsə də sosial sektorlara aid yüksək səviyyəli infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin mavi yanacaq təchizatına nail olunub. Prezidentin qətiyyətli siyasi iradəsi ilə Azərbaycanın zəngin qaz potensialından ölkə əhalisi bəhrələnir. "Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb", - deyən Prezident İlham Əliyev ən ucqar dağ kəndlərinə qaz xətləri çəkildiyini diqqətə çatdırıb: "İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik".
Təbii ki, bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. Təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. İnsanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış islahatlar sosial sahədə inqilabi dəyişikliklərə gətirib çıxarır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə