İrfan Çiftçi: "Forum Azərbaycanın təbliği baxımından əhəmiyyətlidir" AÇIQLAMA-ÖZƏL

"Artıq 3-cü dəfədir ki, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundə iştirak edirəm. Mədəniyyətlərarası dialoq mənim əsas ixtisasım olduğu üçün bu mövzularda aparılan müzakirələr mənim üçün çox vacib və əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi deyib.

O bildirib ki, mədəniyyətlərarası dialoq mövzuları UNESCO-nun, BMT-nin ikiqütblü dünyada gedən soyuq müharibələrin qarşısının alınması üçün vasitədir. Bu cür dialoqların Azərbaycanda keçirilməsinin faydalarından söz açan İ.Çiftçi söyləyib ki, forum ölkənizin dünyaya açılmasında önəmli qapıdır: "Bununla yanaşı forum Azərbaycan mədəniyyətinin daha da önə çıxması, təbliği baxımından əhəmiyyətlidir".

Forumda müzakirə olan gender, multikultural, ekstremizm və digər mövzuların bütün dünya üçün mühüm olduğunu dilə gətirən müşavir qeyd edib ki, nədənsə forumda çıxış edənlərin 70 faizi ötən illərdə söylənən fikirləri təkrar edir: "Hesab edirəm ki, forumda iştirak edən ölkələr bundan əvvəlki forumlarda müzakirə olunanlar haqqında məlumatlı olmalı, problemlərin həlli istiqamətində daha yeni təkliflər, fərqli fikirlər ortaya qoymalıdırlar. Bütün ölkələrdə gender, islamofobiya, terrorla bağlı problemin kökü eybi məsələlərə bağlıdır. Bu baxımdan yeni fikirlər dünya cəmiyyətini narahat edən məsələlərin həllində daha faydalı ola bilər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə