Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar

Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar

İlham Əliyev: "Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır"

Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlının həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla paralel şəkildə həyata keçirilir. Xüsusilə, son 16 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb, ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.
Bu Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Görülən işlər, uğurlu nəticələr, real faktlar...

Xüsusilə, şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin mənzil məişət problemlərinin həlli hər zaman ölkə rəhbərinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlər, hərbçilər üçün tikilən mənzillərin təqdimat mərasimində hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən iştirak edir, onlarla görüşərək qayğıları ilə maraqlanırlar.
Keçirilən görüşlərdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır: "Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib". Bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyən Prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın: "İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq".
Dövlət başçısı ümid etdiyini bildirib ki, 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur".
Ötən il dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Bunun ardınca isə bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılıb. Eyni zamanda, dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən mindən çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. İl ərzində həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir.
Bu yerdə ötən 16 ili xatırlasaq, ilk seçki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi.
Ümumiyyətlə, son 16 ildə Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı Sərəncam cəmiyyətimizdə yüksək qiymətləndirilir

Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb.
2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.
Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Bu kontekstdə son addım Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Müavinətlərin artırılması həssas qrup olan məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşmasına dəstəkdir. Məcburi köçkünlər dövlət başçısının bu qərarını yüksək dəyərləndirir. Bu insanlar inanırlar ki, Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə