Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir MƏQALƏ

Əhalinin sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək Prezident İlham Əliyev siyasətinin ana xəttini təşkil edir

Bu gün aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi dayanıqlılığı və inkişafı təmin olunub. Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bunu bu günlər Dünya Bankının hazırladığı “Doing Business-2020” hesabatında əks olunan müsbət göstəricilər də təsdiqləyir. Hesabata görə, Azərbaycan dünyanın 190 islahatçı ölkə arasında 25-ci yerə layiq görülüb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı proqnozlaşdırılır. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət əhalinin daha firavan və qayğısız yaşamasına hesablanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin aprelin 1-dən minimum əməkhaqlarının və pensiyaların artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsən şəhid ailələri ilə görüşür, onların problemləri və qayğıları ilə maraqlanırlar. 2019-cu ilin yanvarın 28-də dövlət başçısının və birinci xanımın Prezident Sarayında şəhid ailələri ilə görüşləri də şəhidlərimizin və onların ailələrinin dövlət, xalq üçün necə dəyərli, əziz olduğunun növbəti göstəricisi idi. Prezident İlham Əliyev şəhid ailələrinə xüsusi ehtiram və hörmət göstərərək, Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə onlara təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacaqlarını bildirib.

Ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindəndir

Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman, dövlətimizin başçısı tərəfindən başladılan sosial inqilabın mühüm tərkib hissələrindəndir. Bu bir daha dünyaya təqdim edilən müasir Azərbaycan modelinin sosial məsələlərin həllində liderliyinin bariz göstəricisidir. Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi. Həm də, nəzrə almaq lazımdır ki, ölkə başçısı dəfələrlə çıxışlarında aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını bildirib. Eyni zamanda Prezident xalqın xidmətçisi olduğunu və fəaliyyətini bilavasitə xalqa xidmət üzərində qurduğunu vurğulayıb. Bu baxımdan Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.

Əhalinin daha həssas qruplarına, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər ölkə rəhbərinin şəhidlərin ruhuna sonsuz ehtiram hissindən, ailələrinə böyük qayğısından qaynaqlanır. Ötən müddət ərzində bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da bu sahəyə şamil olunmuşdur. Prezident İlham Əliyevin 2019-cu il yanvar ayının 28-də imzaladığı digər fərmanla isə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Ümumilikdə birdəfəlik ödəmənin verilməsi 12268 şəhidin vərəsələrinə şamil olunacaq. Bu Fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edir. Milli Məclisin depudatı Musa Quliyev bildirib ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərmanlar onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən ən humanist addımlardan biridir: “Azərbaycan vətəndaşları Prezidentin bu qərarını ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinə olan ehtiramın, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artmasının əyani təsdiqi kimi dəyərləndirir”.

Əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin praqmatik və çevik siyasi platforması dayanır

Ötən 15+1 ildə həyata keçirilən inqilabi dəyişikliklər və islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin etmişdir. Beynəlxalq İnvestisiya Mərkəzinin prezidenti Daniel Vitt əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin praqmatik və çevik siyasi platformasının dayandığını bildirib: “Bəzi ölkələr çətin iqtisadi islahatların və bu islahatlara “sona qədər tab gətirməyə” siyasi cəsarətin və çağırışların “meyvələrini” dadmaqdadırlar. Son 15 il ərzində Azərbaycan güclü makroiqtisadi göstəricilər nümayiş etdirmişdir ki, bu da, onun xalqının firavanlığının təmin olunması deməkdir. Son onillikdə artım orta hesabla ildə 17% təşkil edib və hazırda 4-5 %-lə davam etməkdədir”. Əhalinin həsas təbəqəsi hesab olunan qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən dövrdə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 müşavirə, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox, həmçinin qaçqın və məcburi köçkünlərlə 30 görüş keçirilib. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılıb.16 min ailəyə sosial yardım verilib. Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə çoxalıb. 64,4 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür. Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb. Bundan başqa, 30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılıb. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə yataqxanalarda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və ya 110 min nəfər məcburi köçkün köçürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Həssas təbəqəyə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Qaradağ müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, son 16 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilib, altı mindən çox minik maşını hədiyyə edilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, ümumən son 15 ildə Azərbaycanda əməkhaqlarında 7 dəfə, eləcə də minimum əməkhaqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 2019-cu il 8 fevral tarixli Sərəncam cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40 faizinin və ya 600 mindən çox işçinin əməkhaqlarının artmasına imkan verib. Dövlətimizin başçısının xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Müvafiq Sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.

Bir sözlə, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Təbii ki, bu siyasət dəyişməyəcək. Çünki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidentin İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini əhalinin daha firəvan, xöşbəxt və təhlükəsiz yaşamasına hesablanıb.

Ceyhun Rasimoğlu

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə