Əli Əhmədov: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fərqli hesabat səsləndirməsi ən başlıcası qərəzlilik və qeyri-obyektivlikdir”-ÖZƏL

Əli Əhmədov: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fərqli hesabat səsləndirməsi ən başlıcası qərəzlilik və qeyri-obyektivlikdir”-ÖZƏL
"Azərbaycan demokratiya yolunu seçib və qətiyyətlə bu yolla gedir. Demokratiya bizim seçdiyimiz yol olaraq Azərbaycanın inkişafına xidmət edən resurs kimi qiymətləndirilir. Biz demokratik inkişaf yolunu ona görə seçməmişik ki, ATƏT-in özü və hər hansı bir qurumu, o cümlədən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu yolu seçdiyimizə görə bizə hər hansı bir qiymət versin, bizi bəyənsin və ya bəyənməsin". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ötən gün açıqladığı hesabatına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanın düşünərək özü üçün seçdiyi demokratiya yolunda addımlaması azad, ədalətli seçkilərin keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, biz azad və ədalətli seçki dedikdə, Azərbaycan vətəndaşlarının siyasi iradəsinin ifadə olunmasını nəzərdə tutur və sözün həqiqi mənasında ədalətli seçkidə xalqın siyasi iradəsinin ifadə olunması üçün imkanlar yaradırıq.

"Azərbaycanda keçirilən istər prezident, istər parlament, istərsə də yerli seçkilərdə həmişə Azərbaycan xalqı öz siyasi iradəsini ifadə etmək imkanı əldə edib. O cümlədən də 2010-cu ilin noyabr ayında keçirilən parlament seçkilərində xalq öz iradəsini ifadə etmək imkanı qazandı, bundan bəhrələndi və öz iradəsini ifadə edərək Milli Məclisdə təmsil olunmaq üçün layiq hesab etdiyi insanlara səs verdi. O insanlar da Azərbaycan xalqını Milli Məclisdə təmsil edirlər. Biz hesab edirik ki, xalqın iradəsinin ifadə olunması hər hansı bir siyasi partiyanın təmsil olunması və yaxud təmsil olunmamasında daha yüksək dəyərdir. Biz xalqın iradəsinin ifadə olunması dedikdə heç də onu nəzərdə tutmuruq ki, hansı partiya və ya hansı partiyanın namizədləri qanunverici orqanda təmsil olunmaq imkanı əldə ediblər. Önəmli olan xalqın öz iradəsini ifadə etmək hüququnu reallaşdırılmasıdır. Bu hüququn reallaşdırılması nəticəsində kimlər parlamentdə təmsil olunacaq, artıq bu xalqı maraqlandıran yox, ayrı-ayrı partiyaları maraqlandıran məsələ çərçivəsində nəzərdən keçirilə bilər", - deyə o əlavə edib.

Ə.Əhmədov təəssüf hissi ilə qeyd edib ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimlərinsə, hansı siyasi təşkilatlarınsa seçkidə uğur qazanmamasını, parlamentdə təmsil olunmaq hüququnu əldə etməməsini seçkilərin demokratikliyi, insanların öz iradəsini ifadə etməsi ilə əlaqələndirməyə çalışırlar. Dünyanın heç bir yerində seçki prosesinə qoşulmuş insanların heç də hamısı uğur qazana bilmədiyini deyən partiya rəsmisi qeyd edib ki, uğur qazananlara insanların rəğbət bəsləməsi prizmasından yanaşmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanda ötən ilin noyabr ayında keçirilən parlament seçkiləri bütün parametrləri ilə demokratik normalara uyğun olub. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı kimə rəğbət bəsləyib, kimin parlamentdə təmsil olunmasını layiq bilibsə, onlara da səs veriblər.

"Ölkədə keçirilən parlament seçkilərini 1000-dən çox müşahidəçilər izləyib. Onların böyük əksəriyyəti ölkədə keçirilən seçkilərin obyektivliyini ayrıca vurğulayıblar. Belə olan halda yalnız bir qurumun digər müşahidəçilərin etdiyi müşahidələrdən kəskin şəkildə fərqlənən rəyə gəlməsi ən azından yumşaq desək, qeyri-obyektivlikdir, qərəzliliyin ifadəsidir. Biz bütün müşahidəçilərə eyni gözlə baxırıq və həm də arzu edirik ki, seçkiləri izləmiş bütün müşahidəçilər seçkilərə eyni gözlə qiymət verməyə çalışsınlar. Qərəz, qeyri-obyektivliyə xalqın iradəsinə yanaşaraq münasibət bildirsinlər. Qeyd edim ki, beynəlxalq müşahidəçilərin əksəriyyəti Azərbaycanda keçirilən seçkilərin nəticələrini obyektiv qiymətləndirməsi və bunu xalqın iradəsinin düzgün ifadəsi kimi səciyyələndirməsi fonunda bir qurum nümayəndələrin, həm də tərkibində fikir birliyi olmayan qurumun fərqli bir hesabat səsləndirməsi digər beynəlxalq müşahidəçilərin fikirlərinə hörmətsizlik, ən başlıcası isə qərəzlilik və qeyri-obyektivlikdir. Bütün bunlardan sonra seçkilərin nəticələrinə obyektivlikdən uzaq qiymət verilməsini pisləyirəm. Beynəlxalq müşahidəçilərin məqsədi ondan ibarət olmamalıdır ki, onların nəzərdə tutduğu kimlərsə səsləri əldə edə bilməyib, seçilə bilməyiblərsə, bunu seçkiləri pisləmək kimi xoşagəlməyən addım atmalıdırlar. Seçkiyə qatılan insanlar xalqın rəğbətinə ilk növbədə güvənməli və xalqın səsini qazanmalıdır. Bir neçə gün ərzində xaricdən gəlib müşahidə aparanların bəzilərinin hazırlayacağı hesabata arxayın olaraq seçkidə insanların rəğbətini yox, nəyin hesabınasa uğur qazanmaq fikrinə düşənlər sonradan obyektiv olaraq insanların səsini əldə edə bilməyənləri kimsə dəstəkləməlidir. Hər bir seçkidə iştirak edən üçün ən başlıca meyar xalqın münasibəti, rəğbəti və onun dəstəkləməsi olmalı, müşahidəçi isə ilk növbədə xalqın rəyinə, iradəsinə hörmətlə yanaşmağı bacarmalıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hazırladığı hesabatda məhz xalqın iradəsinə hörmət elementini görmək mümkün deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə