Avropa Şurası Parlament Assambleyası (AŞPA) çoxdandır ki, siyasi maraqların toqquşduğu poliqon kimi tanınır. Bir az da, daha dəqiq desək, bu təşkilat kimlərinsə sifarişi əsasında işini qurur, daha çox fövqəldövlətlərin, nüfuzlu qurumların əlinə oynayır. Yəni bu təşkilat artıq kimlərinsə, hansısa siyasi qüvvələrin maraqları naminə ittihamlar, özü də əsassız ittihamlar irəli sürən, qətnamələr qəbul edən bir quruma çevrilib.
Bir beynəlxalq təşkilat olaraq, AŞPA istər ittihamlar irəli sürdüyü zaman, istərsə də qətmanə qəbul etdiyi zaman obyektiv araşdırmalara istinad etməlidir. Təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya ictimaiyyəti bunun əksini müşahidə edir.
Artıq heç kim üçün sirr deyil ki, bu beynəlxalq təşkilat hansısa siyasi qüvvələrin maraqlarını təmsil edən deputatların məsələyə münasibətinə, eyni zamanda, hansısa ölkəyə olan münasibətə görə qərarlar, qətnamələr qəbul edir, hətta ittihamlar səsləndirir.
Nəzərə almaq lazımdır ki, qurumda təmsil olunan deputatların münasibəti fərqli, hətta yanlış da ola bilər. Hansısa siyasi qüvvələrin öz maraqları naminə çalışmaları başadüşüləndirsə də, beynəlxalq təşkilat olan AŞPA-nın bu maraqlara xidmət etməsi, əsla, qəbuledilməzdir. Çünki beynəlxaq təşkilatlar ayrı-ayrı dövlətlər haqqında qərarlar verir və bu zaman hansısa maraqlar deyil, ədalət prinsipi ön planda olmalıdır.
Azərbaycana "korrupsiya" iftirası atmaq cəhdi köhnə oyunun gündəmə gətirilməsi arzusudur
Cözügedən qurumun sabiq prezidenti Pedro Aqramunta qarşı aparılan kampaniyalar da sadalananları təsdiq edir. Xatırlatmaq yerinə düşərdi ki, Aqramunta qarşı ittihamlarla çıxış edən Avropa Sabitlik Təşəbbüsü (European Stability İnitiative - ESİ) kimi təşkilat idi. Hansı ki, bu təşkilatın Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan "QHT"lərlə sıx əlaqədə olduğu da gizli fakt deyil. Bəlli olur ki, maraqlara cavab verməyən sabiq prezident istefaya məcbur edilməli, bir sözlə, səhnəni tərk etməli idi. Belə də oldu və qondarma ittihamlara, özü də qondarma təşkilatların qondarma araşdırmalarına görə, biçarə Aqramunt korrupsiya ittihamları ilə uzaqlaşdırıldı.
Dünyada "şər iblisi" ləqəbli Corc Sorosu, onun fondunu tanımayan yoxdur və hansı daş qaldırılırsa, altından bu monstrın çıxdığı da, artıq dəfələrlə öz təsdiqini tapıb. Aqramuntun öz şəxsi araşdırmaları zamanı da daşın altından bu iblis çıxmışdı və bu işdə də onun barmağının olduğu bəlli oldu. Çünki Avropa Sabitlik Təşəbbüsü kimi bir təşkilatın da, onun əlaqədə olduğu QHT-lərin də donoru Soros və onun fondudur. Aqramunta korrupsioner damğası vurmaq, onu aradan götürmək bankları çökdürən, maliyyə monstrı kimi tanınan biri üçün sıradan bir fitnə olsa da, çox vacib idi və Aqramuntun adının "Azərbaycanın maraqlarını müdafiə edənlər" sırasında çəkilməsi bunu təsdiq edən arqumentdir.
Təəssüflər olsun ki, bu "şər iblisi" özünə lazım olan təşkilatları qidalandırır və buna görə də, ssenarini özü hazırlayır. Daha dəqiq desək, pulu kim verir və musiqini də o sifariş edir və istər QHT-lər olsun, istər bu QHT-lərlə əlaqədə olan təşkilatlatlar olsun, istərsə də bu qurumların maraqlarına xidmət edən deputatlar olsun, nə yazıq ki, hamısına komandanı bu iblis verir. Əslində isə, verilən komanda, yaxud qurulan ssenarinin arxasında başqa mətləblər dayanır və bu, tamam fərqli bir məqsədin, qurulan oyunun təzahürüdür.
Soros, yaxud hansısa QHT-lər, onlarla əlaqədə olan təşkilatların fəaliyyəti müzakirə mövzusu deyil. Lakin pərdə arxasında nələrin baş verdiyinin fərqində olmaq vacibdir ki, hadisələrin hansı istiqamətdə cərəyan etdiyi bəlli olsun. Bəlli olsun ki, 11 aprel tarixində AŞPA-da yenə də Azərbaycana "korrupsiya" iftirası atmaq cəhdi köhnə oyunun gündəmə gətirilməsi arzusudur. Ortada nə arqument var, nə obyektiv araşdırmalar var, nə də bu ittihamda bir reallıq. Ortada Soros kimi iblisin, onun maliyyələşdirdiyi qurumların siyasi maraqlara xidmət edən ambisiyalı fəaliyyət var.
İnsan və vətəndaş amilinə hesablanmış siyasətdən xəbərsiz olsa belə, bunu görməzlikdən gəlsə belə, bu, AŞPA-nın günahıdır, Azərbaycanın yox! Maraqlıdır, AŞPA üçün Sorosun, onun maliyyəsi ilə qidalanan təşkilatların, bu təşkilatların maraqlarına xidmət edən deputatların obyektiv araşdırmalara əsaslanmayan qondarma fikirləri vacib arqumentdir, yoxsa Azərbaycanda siyasi və sosial-iqtisadi islahatların dərinləşməsi, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılması? Sözügedən bu beynəlxalq təşkilatda təmsil olunan deputatlar ölkədə aparılan islahatlardan xəbərsiz deyillər. Təkcə son bir il, Prezident İlham Əliyevin sonuncu dəfə prezident seçildiyi vaxtdan ötən bu bir il ərzində aparılan islahatlar və yürüdülən sosial siyasət də ölkədə hansı ab-havanın olduğunu təsdiq edir. Ölkə başçısının şəhid olanların ailələrinə, vərəsələrinə 11 min manat məbləğində birdəfəlik yardımın verilməsi barədə Sərəncamından tutmuş, problemli kreditlərlə, dollar ekvivalentində götürülmüş kreditlərlə bağlı əhalinin borclanması yükünün götürülməsinə, yanmış ticarət mərkəzində fəliyyət göstərən sahibkarlara dəyən maddi ziyanın qarşılanmasına qədər qəbul edilən qərarlar vətəndaş amilinə hesablanmış siyasəti təsdiq etmirmi? Təkcə bu ilin mart ayında imzalanmış Əfv Sərəncamının və bu Sərəncam əsasında yüzlərlə şəxsin azadlığa qovuşmasının bu beynəlxalq təşkilat, üçün əhəmiyyəti obyektiv olmayan hesabatlardan, arqumentsiz iddialardan azdırmı? AŞPA kimi bir beynəlxalq təşkilat, bu faktlara deyil, arqumentsiz və obyektiv araşdırmalara söykənməyən iddialara əsaslanmağı üstün hesab edirsə, bu, həmin təşkilatın öz problemidir.
Ölkəmizdə aparılan islahatları, reallaşdırılan qlobal layihələri, iqtisadi uğurları, dünya çapında Azərbaycanın nüfuz sahibi olmasını görməzlikdən gəlmək bütün bunları həzm edə bilməməyin təzahürüdür desək, yanılmarıq. Çünki bu uğurlar sayəsində, ölkə başçımızın rəhbərliyi ilə aparılan düzgün və uğurlu siyasət sayəsində, Azərbaycan günü-gündən daha qüdrətli dövlətə çevrilməkdədir. Belə bir qüdrətli dövlətin apardığı sosial siyasət də əldə edilən uğurlar sayəsindədir. Bu gün ölkəmizin insanların rifah halının yaxşılaşdırılması istiqamətində yürütdüyü sosial siyasət Azərbaycanın qüdrətinin daha da artdığını isbatlayır.
Korrupsiya ittihamı barədə sübutların olmadığı etirafından sonra AŞPA-nın bu məsələni gündəmə gətirməsi qurumun öz imicinə zərbədir
Tutaq ki, AŞPA hansısa hesabatlara istinad etmək niyyətindədir və bu, həmin təşkilatın iş prinsipidir. O zaman nəyə görə "Opinion Way" şirkətinin rəy sorğusu nəzərə alınmır? Bu şirkət Avropada tanınan, sayılıb-seçilən, hesablaşılan şirkətdir və bu şirkətin sorğusu heç də sıradan bir sorğu deyil. Köhnə qitədə kifayət qədər tanınan bu Fransa şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusu ölkə vətəndaşının mövqeyini ifadə edirdi və göründüyü kimi, sorğunun nəticələrinə görə, Azərbaycan cəmiyyəti Azərbaycan hökumətinin yürütdüyü siyasi, iqtisadi və sosial siyasətdən razıdır. Sorğunun nəticələri təsdiq edir ki, Azərbaycan vətəndaşı ölkə başçısının, dövlətin qayğısından məmnundur və bu qayğını yüksək qiymətləndirir. Sual oluna bilər, Azərbaycan hökumətinin yürütdüyü vətəndaş amilinə hesablanmış siyasət və insanlara göstərdiyi qayğılı münasibət ölkə vətəndaşından çox AŞPA-nı maraqlandıra bilərmi? Yaxud bu xüsusda, AŞPA, orada təmsil olunan deputatlar ölkə vətəndaşından daha maraqlı olarmı? Əlbəttə ki, ola bilməz. Əgər söhbət korrupsiya ittihamından, daha dəqiq desək, iftirasından gedirsə, bu məsələ də axı öz təsdiqini tapmayıb ki, AŞPA bundan çıxış etmək şansı əldə etsin.
Bu iddiaların sübutunun olmadığını, iftira olduğunu etiraf edən komissiya üzvləri də var və bu fakt özü-özlüyündə həmin qurum üçün yetərli deyilmi? Məsələn, ortaya atılmış iddiaların arxasında ciddi sübutların dayanmadığını AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi məqsədilə yaradılmış komissiyanın üzvü, Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri Nikolas Bratsa açıq şəkildə etiraf edib. Sabiq sədr, xüsusilə, vurğulayıb və etiraf edib ki, biz hansı məsələyə görə hansı hədiyyənin verildiyini bilmirik və bunu sübut edəcək dəlillərə də malik deyilik. Bu etirafdan sonra AŞPA-nın yenə də "korrupsiya" ittihamı ilə köhnə hava çalması, heç cür qəbuledilən deyil və qurumun, bilavasitə öz nüfuzuna zərbədir.
Göründüyü kimi, Avropa Şurası Parlament Assambleyası öz imicini artıq çoxdandır ki, zədələyib, hətta darmadağın edib. Bu beynəlxalq təşkilat ədalətli mühakimələr aparmaq, dövlətlər, millətlər, xalqlar barədə qərarlar, qətnamələr qəbul etmək üçün ədalət prinsipini əsas tutmadıqca, bu imic daha da darmadağın olur. Ona görə darmadağın olur ki, ədalətlilik missiyasını üzərinə götürməsinə baxmayaraq, AŞPA iftiralarla məşğuldur.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB