YAP Səbail GB-nın V Hesabat-seçki konfransı keçirilib TƏDBİR-FOTOLAR-YENİLƏNİB

YAP Səbail GB-nın V Hesabat-seçki konfransı keçirilib TƏDBİR-FOTOLAR-YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq konfransın əhəmiyyətindən danışıb. O gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.

O bildirib ki, ötən müddətdə gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə onların xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Daha sonra Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi haqqında videofilm nümayiş olunub.

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov tərəfindən IV konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi səsləndirilib. Hesabat məruzəsi ətrafında isə YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP GB Ofisinin koordinatoru Elmar Məmmədov, Qərbi Kaspi Universitetinin tələbəsi Fuad Heydərli çıxış ediblər.

“Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. Ölkə başçısı bu sahəyə xüsusi diqqət ayırır. Sabitlik, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. Təhlükəsizlik və stabillik olmadan heç bir inkişafdan danışmaq mümkün deyil”. Bu fikirləri isə konfransda çıxışı zamanı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib. Onun sözlərinə görə, daxili siyasət sırf vətəndaş amili ilə bağlıdır: “Xalqımızın rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsi ilə təmin olunması istiqamətində çox böyük işlər görülür. Xarici siyasətimiz də daxili siyasətimizin davamı olaraq milli və dövlət maraqlarına bağlıdır. Qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında qonşu dövlətlərlə, o cümlədən Avropa dövlətləri ilə, müsəlman dövlətləri ilə əməkdaşlığımız möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər yüksək səviyyədə həyata keçirilir”.

Konfransda çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP Səbail rayon təşkilatı Gənclər Birliyinə uğurlar arzulayıb. M.Qurbanlı bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. “Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq YAP Gənclər Birliyinin, o cümlədən, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyətlər qoyur. Çünki Azərbaycanın hədəfləri böyükdür və hədəflərə çatmaq naminə gənclərimizin bütün imkanlarını səfərbər etməlidirlər. Partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər. Sevindirici haldır ki, ölkə gəncliyi birmənalı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər”- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov isə Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Səbail gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.

Konfransda təşkilati məsələlərə də baxılıb və Ayxan Həsənov YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin yeni sədri seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə