Media kapitanları intihar hadiəsini müzakirə etdilər FOTOLAR- YENİLƏNİB
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Elina Hacıyevanın intiharı ilə bağlı yayılan məlumatlardan danışıb: "Belə şayiələr yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gəlib. Təhsil Nazirliyində araşdırma başlanıb, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Buna görə də biz millət vəkilləri və ekspertləri toplamışıq ki, məsələni müzakirə edək".
Daha sonra millət vəkili Fazil Mustafa bildirib ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir: "Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlxanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq etməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır. Təhsil Nazirlilyində komissiya var, bu məslələr tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz".
Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır: "Biz məktəbi pisləməklə nə əldə edə bilərik. Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".
Mətbuat Şirası İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı isə bildirib ki, ən çox intihar halları dünyanın ən inkişaf etmiş ölkələrindədir. Azərbaycanda bu məsələnin kütləviləşməməsi sevindiricidir: "İstənilən hadisəyə operativ münasibət bildirilməlidir. Bu məsələdə ailənin də məsuliyyəti var. Şagirdə məktəbdə irad tutula bilər. Amma bu normal ailədə məsuliyyət yaradır. Dünən məsələ ilə bağlı o videonun yayılması qətiyyən yolverilməzdir. Bunu media etməməlidir. Bu media qurumları hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Media bu məsələdə günahkar tərəf olmağa doğru gedir. Müəllim və məktəbə qarşı bu boyda fobiya yaratmaq olmaz".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Hadisənin səbəbləri, bu prosesdə mühit araşdırılmalıdır. Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi araşdırılmalıdır".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Azərbaycanda 1 milyondan artıq şagird var: "Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir".
Deputat Kamilə Əliyeva E.Hacıyevanın intiharına görə məktəb rəhbərliyinin də məsuliyyət daşımalı olduğunu söyləyib: “Tərbiyə işləri üzrə direktor müavininin, sinif rəhbərinin işi nədən ibarədir? Amma hər bir şeyi də məktəbin üstünə atmaq olmaz. Hər bir valideyn öz övladını daha yaxşı tanımalıdır. Əgər valideyn bu yaşa qədər qeyri-adilik aşkar etməyibsə, demək, onun da günahı var
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər şeyi məktəbin və ya valideynin üzərinə atmağın doğru olmadığını deyib: “Valideyn-məktəb-şagird üçlüyünü yaratmaq lazımdır. Cəmiyyətin maariflənməsində elektron KİV və sosial şəbəkələr diqqətli olmalıdır”.
Deputat Aydın Mirzəzadə hadisədən sonra məktəb direktorunun işdən uzaqlaşdırılmasını düzgün hesab etdiyini bildirib: “Müəyyən hissə ajiotaj yaratmaq və qurumları ittiham etməkdə maraqlıdır. İstintaq başa çatmamış, cəmiyyətdə qıcıq yaradacaq videoları yayan media orqanlarına və sosial şəbəkə istifadəçilərə çağırış edirəm ki, diqqət edək və təsirini düşünək”.
Deputat Sona Əliyeva bu tipli xəbərlərə həssaslıqla yanaşılmasının tərəfdarı olduğunu vurğulayıb: “Bu məsələləri məktəbin və medianın üzərinə yıxmaq olmaz”.
Daha sonra çıxış edən "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, bu cür hadisələrin baş verməməsi üçün valideyn məktəb münasibətləri düzgün qurulmalıdır: “Hər birimiz valideynik, övladlarımız bizim canımızdır. Bu gün bu məsələlərin baş verməsinin səbəblərindən biri də ailələrin məktəblə düzgün ünsiyyətdə olmamasından irəli gəlir. Məktəb direktoru ilə valideyn eyni məsuliyyət daşıyır. Valideynlər istəyirlərsə ki, övladları düzgün tərbiyə olunsun heç olmasa həftədə bir dəfə məktəbə getsinlər. Məktəb və ailə sıx birləşməlidir. Uşaq deyəndə ki, müəllim mənə bu sözü dedi, valideyın müəllimin üstünə getməməlidir, məsələnin mahiyyətini öyrənmək lazımdır. Əgər istəmiriksə, bu cür hallar baş versin, daim biz direktorla, sinif rəhbərləri ilə ünsiyyətdə olmalıyıq. Ailə, məktəb və şagird üçbucağı düzgün qurulmalıdır. Eyni zamanda övladlarımızın məktəbdən kənarda nə işlə məşğul olduğundan, sosial şəbəkələrdə kimlərlə dostlaşdığından xəbərdar olmalıyıq. Uşaq, valideyn və müəllim dost olmalıdır”.
Konfrans diskussiya şəklində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB