"Bizim hərbi sənayemiz kifayət qədər inkişaf edib" ÖZƏL - RƏY

"Bizim hərbi sənayemiz kifayət qədər inkişaf edib" ÖZƏL - RƏY

"Bu gün 2016-cı il Aprel döyüşlərinin üç ili tamam olur. Aprel döyüşləri əslində Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə yazılan böyük bir tarixi hadisədir". Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Aprel döyüşlərində Azərbaycan ordusu illərlə işğal altında olan torpaqlarımızın bir qismini azad etdi və bununla da ordumuzun nə qədər döyüşkən ruhda və nə qədər müasir ən yeni silahlarla təchiz olunmuş qüdrətli ordu olduğunu göstərdi: "Beləcə qısa bir həmlədə ərazilərimizin bir qismi işğaldan azad olundu. Bu bir daha onu göstərdi ki, Azərbaycan xalqı, ordusu, Ali Baş Komandanı heç zaman işğal faktı ilə barışmayacaq və heç zaman işğal olunmuş torpaqların bir qarışını belə düşmənə güzəştə getməyəcək. Bilirsiniz ki, Aprel döyüşləri dünyanın müxtəlif ölkələrindən beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlər əsasında dayandırıldı. Amma yenə də Azərbaycan tərəfi əslində müharibənin tərəfdarı olmadığını sübut etdi. Təbii ki, bu döyüşlərə son verilməsəydi, çox qısa bir zamanda Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunacaqdı. Ali Baş Komandan yenə də Azərbaycanın mövqeyində, münaqişənin həll olunmasında ölkəmizin sülh tərəfdarı olduğunu bir daha sübut etdi. Əslində sübut etdi ki, Ermənistan və onun havadarları, beynəlxalq güclər bu həssas məsələdə diqqətli olmalıdırlar. Azərbaycanın bir səbri vardır. O səbr isə tükənəndən sonra əgər sülh danışıqları bir nəticə verməsə, Azərbaycan torpaqları hərbi yolla düşməndən azad olunacaq.

Aprel döyüşləri bütövlükdə Ali Baş Komandan, Prezident İlham Əliyevin son illərdə ordu quruculuğuna nə qədər böyük önəm verdiyinin bir daha sübutu idi. Hələ də baş düşmək olmur ki, Ermənistan nəyə arxayındır və nəyə güvənirlər? Azərbaycan ordu quruculuğunda dövlətimiz çox ciddi nailiyyətlər əldə edib. Bu gün bizim hərbi sənayemiz kifayət qədər inkişaf edib. Aprel döyüşləri xalqımızda olan milli ruhun nə dərəcə yüksək olduğunu bir daha sübut etdi. Həmin anlar bizim gözümüzün önündədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə