Azərbaycan Prezidentinin Avstriyaya işgüzar səfəri nə ilə yadda qaldı? ŞƏRH

Azərbaycan Prezidentinin Avstriyaya işgüzar səfəri nə ilə yadda qaldı? ŞƏRH

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Bu görüş bir də ona görə əhəmiyyətlidir ki, xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə idi ki, görüş keçirilirdi. Bundan əvvəllər Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Lakin 9 mart tarixində ATƏT-in Minsk Qrupu həmsədrləri Bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələlə formatın dəyişilməzliyini vurğulamışdı.

Vyanada dövlətimizin başçısı ilə Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirildi. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldı, toplam 3 saatdan artıq müddətdə danışıqlar aparıldı. Bu görüş danışıqlar prosesinə yeni bir impuls verdi. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədlər tərəfindən birgə “3+2” formatında Bəyanat verildi.

Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılmışdır. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunmuşdur.

Dövlət başçılarının görüşündən əvvəl 2 ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir.

Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilmişdir. Həmçinin, atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir birini tamamlaması vacib şərtlərdəndir, bunlar parallel və davamlı aparılmalıdır.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinqi yekunu haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

O cümlədən bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirmişdir. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılmışdır. Burada da 2 ölkənin aidiyyatı nazirliləri, işgüzar dairələri bir araya gətirilir.

Görüş əsnasında bir daha qeyd olundu ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri vardır. Avstriya şirkətləri Azərbaycanda fəal surtədə çalışırlar. Avstriya şirkətləri Azərbaycanda İçəri Şəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak edirlər.

Avstriya rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir və bu səfər Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etirilməsi üçün münbit zəmin yaratmış oldu. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır.

Nəqliyyat sahəsində 2 ölkə arasında böyük perspektivlər var. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi də bunda maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə