Mədəniyyətimizə dövlət tərəfindən göstərilən qayğının dünyada analoqu yoxdur
Bəhram Osmanov: "Cənab Prezidentin Sərəncamı ilə teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 50% artırılması qarşımıza yeni öhdəliklər qoyur"
Bu gün dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf dövrünü yaşayır. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. 146 illik uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan peşəkar teatrı da sənət yolunun yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Bu diqqət və qayğının davamı olaraq, dövlət başçısının "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 11 mart Sərəncamı ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb. Bununla bağlı Azərbaycan əməkdar incəsənət xadimi, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanova müraciət etdik. "Səs" qəzetinə verdiyi açıqlamada Azərbaycanın zəngin mədəniyyət tarixində önəmli rol oynayan teatr sənəti və bu sahədə çalışan insanların həssaslığı ilə seçildiyini bildirdi:
"Ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə uğurlar qazanması, bir vətəndaş kimi, qəlbimizi fərəh hissi ilə doldurur. Bu uğurların sırasında mədəniyyət də xüsusi yer tutur. Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşünün formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb və nə yaxşı ki, biz də zəngin, çoxəsrlik milli mədəniyyət palitrasına öz töhfəmizi verə bilirik.
Prezidentin Sərəncamı ilə teatr binaları yüksək səviyyədə təmir-bərpa edilib, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitləri yüksəldilir. Mən, mütəmadi olaraq, Azərbaycandan kənarda bir çox böyük teatrlarda oluram. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində iştirak edirəm. Deyərdim ki, MDB ölkələri arasında sənət xadimlərinə belə diqqət və qayğı yoxdur. Teatral dövlət olan Rusiyada sənət xadimlərinə dövlət tərəfindən belə münasibət bəslənilmir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Azərbaycan teatr ənənələrinin qorunub- saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrıldı, eləcə də, teatrlara maliyyə yardımı edilib. Azərbaycan teatrının fəaliyyəti, həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə, Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir".
Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşlərinə diqqət çəkən rejissor görüşdə mədəniyyət sahəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığını diqqətə çatdırdı. Görüşdə səsləndirilən fikirlər və təkliflərdən bəziləri həllini tapıb. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətlərinin üzə çıxarılması üçün yaradılan şəritlə sıx bağlıdır. Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayğının nəticəsi olaraq, özünün yeni bir dövrünü yaşayır. Bildiyimiz kimi, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırmışdır.
B.Osmanov qeyd etdi ki, bizim teatrın səhnəsində klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqların əsərləri uğurla oynanılıb və böyük sənətkarların çalışdığı teatr ənənləri bu gün teatrımızda davam edir: "Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətə xüsusi diqqət və sevgi ilə yanaşması yaxın tariximizə qızıl hərflərlə həkk olunub. Bu gün də, o sevgi və qayğı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin Sərəncamı ilə teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 50% artırılması onların bizim sənət məsuliyyətimizi dah da artırdı. Bu, dövlət başçımızın mədəniyyətə, incəsənətə xüsusi diqqət və qayğısının daha bir bariz nümunəsidir. Bundan sonra da, hər zaman milli teatrın təşəkkülündə sənət yanğısı və coşqu ilə çalışacağıq. Bu gün sənətkarlarımız teatr sənətini ənənəsinə sadiq qalaraq, tamaşaçı zövqünü oxşaya biləcək, onlarda yüksək mənəvi dəyərlər əxs edən əsərləri səhnələşdirir və yeni-yeni uğurlar qazanırlar. Əlbəttə ki, Prezidentimizin bu diqqəti, bizdə teatr işçisi olaraq, «Gələcəyimizi necə qurmalıyıq» sualını doğurur. Biz bu məqsədlə fikirlərimizi bölüşərək, ümumi qənaətə gəlməliyik ki, uğurlara necə nail ola bilərik? Dünya bazarına çıxmaq üçün bütün potesiala malikik. Bunun üçün bizim peşəkar teatrımız var. Bir daha, ümumilikdə, teart işçilərinin əməyinə verilən qiymətə görə Prezidentimizə minnətdarıq!"
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB