"Atılan addımlar Azərbaycanın nələrə qadir olduğunun siqnallarıdır" RƏY-ÖZƏL

"Atılan addımlar Azərbaycanın nələrə qadir olduğunun siqnallarıdır" RƏY-ÖZƏL

“Azərbaycan ikinci müstəqilliyi və inkişafı tarixində yeni mərhələni yaşayır. Son iki ayda yaşananlar deyərdim ki, Azərbaycanın növbəti inkişaf mərhələsinə qədəm qoymasının ilkin və qətiyyətli addımlarıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, bu müddət ərzində ölkə prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri, gənclər, mədəniyyət və incəsənət xadimləri ilə görüşü, əmək haqlarının artırılması, Şamaxı və Ağsuya zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı səfərlər, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4-cü Dövlət Proqramına start verilməsi, təqaüdlərin, əmək haqlarının, pensiyaların artması, çoxmənzilli yaşayış binaları, problemli kreditlərlə bağlı verilən qərarlar, kinomuzun inkişafı ilə bağlı maliyyə vəsaitinin ayrılması, iki dövlət teatrına “akademik” statusunun verilməsi və digərləri böyük hadisələr və tarixi anlardır.

Deputat söyləyib ki, atılan addımlar Azərbaycanın nələrə qadir olduğunun və ola biləcəyinin növbəti siqnallarıdır: “Bu, sürətli və dinamik inkişaf yolu ilə əzmlə, qətiyyətlə addımlayan Azərbaycanın inkişafının növbəti göstəricisidir, növbəti təsdiqidir. Görülən işlər həm yaxşı mənada uğurlarımıza sevinən dostlara, həm 1991-ci ilin avqust-oktyabr aylarından müstəqilliyinizi həzm və qəbul edə bilməyən, ölkəmizin müstəqil dövlətçilik və inkişaf xəttinə qarşı çıxan, bu xətti əngəlləmək üçün müxtəlif yollara əl atan, sosial şəbəkələri süngüyə, döyüş, hərb meydanına çevirən, ancaq yenə də istədiklərinə nail ola bilməyən anti-Azərbaycan dairələrinə mesajdır”.

E.Səlimov qeyd edib ki, Azərbaycanı öz yolundan çıxarıb başqa səmtə yönəltmək mümkün deyil: “Azərbaycanı sevməyən qüvvələr nəyə əl atacaqlarsa, əllərində partlayacaq, özlərini yandırıb, külə döndərəcəklər. Atalar, el məsələndə deyildiyi kimi, yel qayadan heç nə apara bilməyəcək. Onların qarşısında Azərbaycan adlı keçilməz, aşılmaz bir qaya var və bu qayanın fəthi də, fatehi də yalnız Azərbaycan, xalqımız və dövlətimizdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə