Müxalifət yenə də fürsətçilik yolunda

Müxalifət yenə də fürsətçilik yolunda

Düz 25 ildir ki, uğursuz yol gedən dağıdıcı müxalif ünsürlər hələ də öz uğursuzluqlarını etiraf etməyə qadir olmadığı üçün bu günlərdə AMDP sədri İskəndər Həmidovun ideya müəllifliyi ilə müxalifətin "Zirvə toplantısı" adlı qurum yaratmaqla, bir daha cılızlıqlarını nümayiş etdirdilər.

Siyavuş Novruzov: "Bu partiyaların heç birinin gələcəyi yoxdur"

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifət partiyalarının yaratmaq istədikləri hər hansı qurumların mənasız olduğunu bildirib. Qeyd edib ki, ölkədə tikilən məktəblərdə Əli Kərimlinin uşaqları, İsa Qəmbərin nəvələri, eləcə də, iqtidar nümayəndəsinin də uşaqları oxuyur: "Yaxud çəkilən yollarda həm YAP, həm AXCP, həm Müsavat üzvü, həm də digər partiyanın üzvləri gedir. Ölkəyə gələn gəlirlərdən onlar da istifadə edirlər. Onlar isə, hesab edir ki, gəlirlər birbaşa onların cibinə girməlidir. Dolayısı ilə neft gəlirlərindən müxalifət də bəhrələnir. Ancaq bunlar düşünürlər ki, vəziyyət nə qədər çətin olsa, bir o qədər yaxşıdır. Dünyanın heç bir yerində belə yanaşma tərzi yoxdur. İqtidara müxalifət olmaq olar, amma xalqa, dövlətə müxalif olmaq anlayışı yoxdur. Bunlar xalqa və dövlətə müxalifətçilik edirlər. Hər addımbaşı hesab edirlər ki, onlara üstünlük verilməldir. Bu, köhnəlmiş düşüncə tərzidir. Hesab edirəm ki, həmin partiyalar daxilində çox ciddi islahata ehtiyac var. Ona görə də, bu partiyaların heç birinin gələcəyi yoxdur".

"Siyasətini fürsətçilik üzərində quran qurumların uğur qazanması mümkün deyil"

Ədalət partiyasının ali məclisinin sədri Mütəllim Rəhimli də bildirib ki, siyasətlərini fürsətçilik üzərində quran qurumların uğur qazanmaları mümkün deyil: "Siyasi mübarizə konseptual əsaslara söykənməli, uzunmüddətli planlarla tənzimlənməlidir. Bizdə müxalif düşərgə bu prinsiplərə əməl etmədiyindən, ciddi uğurlara da imza ata bilmir. Müxalifətin siyasi proseslərə uyğun olaraq dəyişməsi normaldır, amma siyasi proseslərin arxasınca sürünməsi isə yolverilməzdir".
Göründüyü kimi, ictimaiyyət, artıq nəinki Azərbaycanda, hətta dünyada baş verən bütün proseslərdən xəbərdardır, cərəyan edən geniş əhəmiyyətə malik prosesləri analiz etməyə qadirdir. Xalq artıq müxalifət qruplaşmalarının niyyətlərinə bələd olduğundan, bu cür təxribatlara çoxdan "yox" deyib.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə