YAP Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü qeyd olunub SƏS TV
Dünən Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamlayaraq, onları rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. R.Göyüşov YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu bildirib. O, partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib.
Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan danışıb. O, partiyanın yarandığı tarixə qısa ekskurs edərək, partiyanın çətin və mürəkkəb bir şəraitdə yarandığını diqqətə çatdırıb. Bildirib ki, YAP o zaman müxalifət partiyası kimi yaransa da, xalqına qarşı müxalifətdə olmayıb. YAP güclü və qüdrətli bir təşkilat kimi öz qüvəvəsini ortaya qoydu. YAP-ın qələbələr partiyası olduğunu bildirən B.Quliyev bu gün partiyanın fəaliyyətində qadınlarımızın da böyük rolu olduğunu diqqətə çatdırıb: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunub. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur və məsul vəzifə daşıyır. Azərbaycan qadınları mübariz və ləyaqətlidirlər".
B.Quliyev gənclərin partiyadakı rolu da vurğulayaraq bildirib ki, Azərbaycan gənclərinə də dövlətimiz tərəfindən geniş imkanlar açılıb. Onlar potensiallarını ortaya qoyaraq, dövlətimizin qüdrətlənməsində öz töhfələrini verirlər. O, rayon təşkilatının ölkənin ictimai-siyasi həyatda aktivliyi ilə fərqləndiyini bildirərək, fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib. Natiq Yeni Azərbaycan Partiyasının yarandığı tarixi dövrdə Azərbaycan qadınının siyasi proseslərdə yaxından iştirak etdiyini bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi və uğurların təminatçısı olduğunu bildirib. Natiq bu gün ölkə başçısı İlham Əliyev tərəfindən qadınlara böyük önəm verildiyindən söz açıb.
Tədbirdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini vermələrindən söz açıb. O, fəaliyyəti ilə ölkənin siyasi mühitində fəallıq göstərən Azərbaycan xanımlarını təbrik edib.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan qadınlarının dünyada obrazı kimi çıxış etdiyini bildirib. E.Allahverdiyev bildirib ki, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva ictimai, siyasi və mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi çıxış edib. O, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Natiq bildirib ki, bütün bunlar partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Fəxri Fərman və hədiyyələr ilə təltif olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB