İlham Əliyev: "Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır"
Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin bütün təbəqlərinin, xüsusi ilə də, sosial cəhətdən həssas insanların sosial-rifah halı dahada yaxşılaşır. Son vaxtlar Prezident İlham Əliyev tərəfindən əmək və sosial müdafiəsi sistemi ilə bağlı onlarla Fərman və Sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiəsi sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb. Təsadüfi deyildir ki, bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Əhalinin, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması məsələsinə mühüm önəm verilir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".
Sosial proqramların genişlənməsi iqtisadi islahatlara öz bəhrəsini verir
Söz yox ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insanların rifah halının yaxşılaşması dayanır. Sosial proqramların genişlənməsi iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir. Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımlara şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sahədə həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq. Ölkəmizdə inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.
Prezident İlham Əliyev bu məslələrlə bağlı demişdir: "Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır". Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını dəfələrlə qeyd edib. Bildirib ki, əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacaq.
Həyata keçirilən siyasət nəticəsində işsizliyin aradan qaldırılması və məşğulluğun artırılmasında da əhəmiyyətli uğurlara imza atılıb. Yalnız regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi ilə işsizliyin aradan qaldırılmasında mühüm nailiyyətlər əldə olunub. 2004-cü ildən bu günə qədər ölkə üzrə təxminən 2 milyona yaxın yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir. Yaradılan iş yerlərinin yarısı regionların payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrası iə 250 min yeni iş yeri yaradılıb ki, onun da 170 minə yaxını daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində yaranan əlverişli mühit qeyri-neft sektorunun makroiqtisadi əhəmiyyətini də yüksəltmişdir. İqtisadiyyatın çoxşaxəliliyi təmin edilmişdir. Məhz bu nailiyyətlərin nəticəsində qeyri-neft iqtisadiyyatının həcmində 2,8 dəfəlik artım qeydə alınmışdır. Faktlar təsdiq edir ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 il ərzində qoyulub. 2003-2018-ci illərdə ölkəmizə 231 milyard dollarlıq investisiya yatırılıb. Siyasi sabitlik və təhlükəsizliyin möhkəm olması xarici investorları Azərbaycana cəlb edən əsas amillərdir. Bütün bunlar Azərbaycanın gücündən, qüdrətindən xəbər verir. Təbii ki, dövlətimizin sosial-iqtisadi cəhətdən inkişaf etməsi, xalqımızın daha yaxşı, firavan yaşaması deməkdir.
"Vətəndaşlarımız bir daha gördülər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır"
İctimai rəydə birmənalı olaraq səslənən fikir ondan ibarətdir ki, Prezidentin sosial siyasəti həqiqətən də, inqilabi xarakter daşıyır. İiqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı İlham Əliyevin "gələcəkdə də pensiyaların və müavinətlərin artılması davam etdiriləcək" fikiri bir daha təsdiqləyir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham həmin müşavirədə problemli kreditlərlə bağlı məsələnin də həll olunacağını bildirmişdi. Və ardınca ölkə başçısı tərəfindən Fərman imzalandı. Fərmana əsasən, banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək. Bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycanda isə bu baxımdan vəziyyət tamamilə fərqlidir. Belə ki, ölkə Prezidentinin məlum Fərmanı ilə devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Eyni zamanda, dövlət başçısının bu addımı ilə problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyuldu və məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu.
Bu, dövlətin təkcə problemli kreditlərin həlli məsələsinə verdiyi töhfə deyil. Eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir Fərmandır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha gördülər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var. Hesab edirəm ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi addımlardır.
Bir sözlə, mövcud faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Əhalinin sosial təminatı sahəsində bütün lazımi tədbirlərin görülməsi isə, heç şübhəsiz, Azərbaycanda əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində müntəzəm addımların atılmasını bir daha sübut edir.
Nəriman ƏLİYEV,
Milli Məclisin depudatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB