Gürcüstanla Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq hər zaman olduğu kimi yenə də uğurla davam etdirilir. Qafqaz regionunda, yəni yerləşdiyi coğrafiyada Azərbaycan Gürcüstana həssas yanaşdığı kimi, strateji tərəfdaş, müttəfiq hesab etdiyi kimi, qonşu ölkə də ölkəmizə qarşı eyni mövqe sərgiləyir. Tbilisi ilə Bakı arasında yüksək səviyyədə mövcud olan münasibətlərə zərbə vurmağa, iki ölkə arasında gərginlik, təxribat yaratmağa çəhd edən qüvvələr dərk etməlidirlər ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın, mehriban qonşuluq siyasətinin fonunda münasibətlərə xələl gətirmək imkansızdır.
Ölkələrimizi bir-birinə siyasi və iqtisadi əlaqələrlə yanaşı, dərin tarixi köklər, ortaq mədəniyyət bağlayır. Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana rəsmi səfərə gəlməsi, özü də Qafqaz regionunda ilk olaraq Azərbaycana səfər etməsi bu əlaqələri, bu bağlılığı isbatlayır. Gürcüstan prezidentinin regionda ilk olaraq Azərbaycanı seçməsi heç də təsadüfi deyil və nəzərə almaq lazımdır ki, qonşu ölkədə hər kəs Azərbaycana xüsusi önəm verir. Cənab İlham Əliyevlə keçirdiyi görüşdə Gürcüstan prezidenti etiraf edir ki, Gürcüstanda kimin prezident seçilməsindən asılı olmayaraq Tbilisi üçün Bakı hər zaman dost və qardaş ölkə olub və göründüyü kimi xanım Zurabişvili bu ənənəyə sadiqlik nümayiş etdirir.
Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır
Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin nümayişidir. Bu səfər ölkələrimiz arasında ali səviyyəli siyasi dialoqun və hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfədir. Qonşu ölkənin yeni seçilmiş xanım prezidentinin ölkəmizə səfəri diqqət çəkməyə bilməz və indi Azərbaycan-Gürcüstan münasibətlərində, regionda müşahidə olunan son proseslərdə, Bakı-Tbilisi əlaqələrində arzuolunmaz hadisələrin, təxribatların təşkil olunmasında maraqlı olan qüvvələr çox yaxşı başa düşürlər ki, çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər və ölkələrimiz arasındakı isti münasibətlər hələ bundan sonra daha yüksələn xətt üzrə inkişaf edəcək.
Gürcüstan da Azərbaycan kimi münaqişə ilə, ərazi bütövlüyünün pozulması ilə, işğal faktı ilə üzləşib. Eynilə bizim kimi, Gürcüstan da ərazi bütövlüyünün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər bir çox beynəlxalq təşkilatlarda mübarizə aparır. Bir sözlə, layihələrimiz, uğurlarımız ortaq olduğu kimi dərdlərimiz də biri-birinə çox oxşardır və bizi birləşdirən məqamlar olduqca çoxdur. Əbəs yerə deyil ki, ölkələrimiz hər zaman bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və hətta Gürcüstanın xanım prezidenti də öz səfəri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib. “Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır”, deyən xanım Salome Zurabişvili əslində hər iki ölkədə, ələlxüsus Azərbaycanda hökm sürən sabitliyə yüksək qiymət verdiyini və ölkəmizə dəstək verdiyini ifadə edib.
Azərbaycanla Gürcüstanın dostluğu və tərəfdaşlığı regional sülh və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli dərəcədə mühüm rol oynayır
Qeyd etdiyimiz kimi Gürcüstanla Azərbaycanı birləşdirən bir sıra vacib məqamlar var və xüsusilə qeyd etmək lazımdır ki, ölkələrimiz irimiqyaslı enerji və nəqliyyat layihələrində birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbiulisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bunların əyani sübutudur. Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir. Ölkələrimiz Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. Bundan başqa iki ölkə arasında iqtisadi əlaqələrdən başqa, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar sahələrdə də yüksək səviyyəli əməkdaşlıqlar mövcuddur və qeyd etdiyimiz əlaqələrin daha da inkişafı üçün geniş imkanlar da danılmazdır. Bir sözlə, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması, Azərbaycan və Gürcüstanın dostluğu və tərəfdaşlığı heç şübhə yoxdur ki, regional sülh və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli dərəcədə mühüm rol oynayır.
Gürcüstan da Azərbaycan kimi çoxkonfessiyalı dövlətdir və mono-etnik dövlətdən fərqli olaraq hər iki dövlətdə tolerantlıq ənənələri qorunub saxlanılır. Onu da qeyd etmək yerinə düşərdi ki, bu tolerantlıq əslində bütün dünya üçün bir örnəkdir. İndi bütün dünya ictimaiyyəti çox yaxşı bilir ki, özünü hamıya demokratik, azad ölkə kimi sırımaq istəyən Ermənistan etnik təmizləmənin fonunda mono-etnik dövlət olduğu halda, Azərbaycanda çoxlu sayda gürcü, Gürcüstanda isə bir o qədər azərbaycanlı sülh və əmin-amanlıq şəraitində yaşayır. Onlar ölkənin ictimai-siyasi, eləcə də sosial-mədəni həyatında fəal rol oynayırlar. Bu isə ondan xəbər verir ki, ölkələrimiz arasında dostluğun və humanitar əlaqələrin bundan sonra daha böyük sürətlə və yüksələn xətlə inkişafı günün reallığıdır.
Heç şübhəsiz ki, məhz bu əlaqələr, bu bağlılıq səbəbindən Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar səviyyəsində də yüksək səviyyəli əməkdaşlıq edərək bir-birinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyd-şərtsiz olaraq bir-birlərinə dəstək nümayiş etdirirlər. Rəsmi Tbilisinin ölkəmizin ərazi bütövlüyünü tanıdığını Bakıda keçirdiyi görüşlərdə qonşu dövlətin xanım prezidentinin açıq şəkildə ifadə etməsi də təsdiq edir ki, Gürcüstan Azərbaycanın yanındadır. Azərbaycanın maraqlarını müdafiə edir. Belə olan halda, təxribat yaratmaq istəyən, xalqlarımız arasında narazılıq toxumu səpmək niyyətində olanların planları, çirkin niyyətləri heç zaman baş tuta da bilməz. Əslində, xanım Zurabişvilinin ölkəmizə səfəri Azərbaycan və Gürcüstan arasında əlaqələrə xələl gətirməyin mümkünsüzlüyünü və buna cəhd göstərən tərəflərin heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklərini təsdiqlədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB