"Danışıqlara təkan vermək mümkün olmur" MÖVQE - ÖZƏL

"Danışıqlara təkan vermək mümkün olmur" MÖVQE - ÖZƏL

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində bir sıra informasiyalar sızdırır, Azərbaycan və Ermənistanın XİN başçılarının, ölkə rəhbərlərinin görüşünün hazırlanması, ərazi dəyişmələri kimi məsələlərin gündəmdə olması ilə bağlı müxtəlif fikirlər irəli sürülsə də, bunların heç biri həqiqəti əks etdirmir. Bu fikirlər kimlərsə tərəfindən ictimai rəyi sakitləşdirmək üçün ortaya atılıb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistan tərəfindən həyasız mövqeyi ucbatından danışıqlar prosesinə təkan vermək mümkün olmur: “ Belə olan şəraitdə XİN başçılarının görüşünə ümid yoxdur. Belə şəraitdə ya Ermənistanı sülhə məcbur etmək üçün BMT-nin, beynəlxalq hüquq normalarından istifadə edilməli, sülhə məcbur etmə anlayışı yerinə yetirilməlidir. Sülhə məcbur etmə ilk növbədə həmin dövlətə xəbərdarlıq şəklində səsləndirilir, daha sonra isə həmin ölkəyə iqtisadi sanksiyalar tətbiq edilir”.

Politoloq söyləyib ki, lakin təcavüzkar ölkə olan Ermənistan əlini qolunu sallayaraq müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə Azərbaycanı ittiham etməkdə davam edir: “ Bu baxımdan düşünürəm ki, əgər dünya yeni müharibə ocağının olmasını istəmirsə, bu bölgədə status-kvonu sülh yolu ilə tənzimləmək istəyirsə, birinci növbədə təcavüzkar dövlətə, başqasının torpağını işğal etmiş, orada etnik təmizləmə aparan, beynəlxalq hüququn bir neçə müddəasını pozan addımlar atmalıdır. O zaman BMT-yə sual olunmalıdır ki, 4 qətnaməsini yerinə yetirməyən dövlətə qarşı niyə sanksiya tətbiq edilmir?”.

Q. Hüseynli qeyd edib ki, bu gün gündəmdə duran əsas məsələ Ermənistanın sülhə məcbur edilməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə