"Cavad Zərifinin qəfil istefasının müxtəlif səbəbləri ola bilər" ÖZƏL-MÜNASİBƏT
“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifinin qəfil istefasının müxtəlif səbəbləri ola bilər. Məsələn ali dini lider Əli Xamaneyi son zamanlar hökumətin xarici siyasətindən narazılığını açıq dilə gətirirdi. Ali dini liderin fikrincə, hökumətin səhvi Qərbə inanaraq nüvə anlaşması imzalamasındaydı”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
“Başqa bir səbəb ali dini liderin dediyi kimi hökumətin Avropanın vədinə inanması və nəticədə Amerikanın sanksiyaları fonunda Avropa Birliyinin gücsüz qalmasındadır. Bunu da xarici işlər nazirinə yükləyə bilərdilər. Çünki Zərifi mütəmadi olaraq avropalı həmkarları ilə təmasda idi. Avropalı diplomatlar Zərifi ilə dialoqdan və təmaslardan məmnun görünürdülər. Elə Zərifinin özü də bütün bu görüşlərdə gülərüz mimika ilə yadda qalmışdı.
Prezident Həsən Ruhani ali dini liderin də mövqeyini nəzərə alaraq Zərifinin yerinə bir az sərt mövqeli xarici işlər naziri təyin edə bilər. Ancaq kimi təyin edirsə etsin bu İrana qarşı sanksiyaların yumşalmasına səbəb olmayacaq. Vaşinqton Zərifinin istefasını sanksiyaların İran daxilində ixtilafın dərinləşməsi kimi qiymətləndirəcək və Ağ Ev sahibi Donald Trampın doğru yolda olduğu qənaətini gücləndirəcək”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB