"Prezidentin problemli kreditlərə toxunması müsbət addımdır" ÖZƏL-ŞƏRH
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirdi ki, “yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq”. Hesab edirəm ki, bu kifayət qədər önəmli bir məsələdir". Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanda bu məsələ ilə bağlı əhəmiyyətli addımların atılmasına ehtiyac var: "Çünki problemli kreditlərin həlli ilə bağlı son illərdə xüsusilə maliyyə bazarlarında baş tutan hadisələr bir qədər də artdı. Təbii ki, bu da ümumi daxili məhsula nisbətdə böyük bir rəqəmə gəlib çıxdı. Əslində problemli kreditlərin həllinin xeyli dərəcədə artımı devalivasiyanın baş verməsi nəticəsində yarandı. Ona görə də düşünürəm ki, hökumətin bu istiqamətdə hansı addımların atılması ilə bağlı zaman-zaman təklifləri də olub.
Amma bilavasitə cənab Prezident tərəfindən bu məsələyə münasibət bildirilməsi müəyyən ümidlər verdi və nəhayət Azərbaycan hökuməti yəqin ki heç olmasa istehlak kreditləri istiqamətində müəyyən addımlar atacaq. Amma hər halda devalivasiya nəticəsində insanlara dəymiş zərərin müəyyən hissəsinin qarşılanmasında iştirak edəcək. Belə addım atılarsa, təbii ki, bu müsbət qarşılanacaq və böyük bir addım olacaq. Fikrimcə, buna ehtiyac var. Cənab Prezidentin bilavasitə bu məsələyə münasibət bildirməsi və belə bir fikir səsləndirməsi müsbət addım kimi qarşılanmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB