Daşkəsəndə növbəti səyyar görüş qəbulu keçirilib

Daşkəsəndə növbəti səyyar görüş qəbulu keçirilib

Daşkəsən rayon icra hakimiyyətinin rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə rayonun ayrı-ayrı qəsəbə və kəndlərində yerli sakinlərin iştirakı ilə, mütəmadi olaraq, səyyar qəbullarını davam etdirir. Dünən Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu rayonun Zəylik kəndində keçirilib. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Ə.Abıyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də, ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Daşkəsən rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsindən, əhalinin məşğulluğun yüksək səviyyədə təmin olunması məqsədi ilə yaradılan yeni iş yerlərindən, abadlıq-quruculuq və yenidənqurma işlərindən geniş söz açıb.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin, onları narahat edən mövcud problemlərə toxunublar. Kənddə tibb məntəqəsinin və kənd mədəniyyət evinin təmiri, Quşçu-Zəylik avtomobil yolunun təmiri və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilibdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlər isə yerində müsbət həll edilibdir.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə