Qeysəriyyə tarixi abidəsi bərpa olunub

Qeysəriyyə tarixi abidəsi bərpa olunub

Yanvarın 14-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub.

SİA-nın xəbərinə görə, tədbirdə muzeyin direktoru Vilayət Bağırov çıxış edərək Ordubad rayonunda həyata keçirilən quruculuq işlərindən danışıb, rayonun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına, tarixi-memarlıq abidələrinin bərpasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov XVII əsr abidəsi olan Qeysəriyyə binasının, XVIII əsr abidəsi olan məbədin, XIX əsrdə Ordubadlı Mənsur Ağa və Tağı Nağıyevin tikdirdikləri binaların bərpadan sonra istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ulu öndərimizin "Ordubad Azərbaycanın incisidir" kəlamını xatırladaraq deyib: "Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. Bunlar üçün ölkəmizdə hər cür şərait vardır. Azərbaycan inkişaf edir, sabitlikdir, qanunlar işləyir, yeni qanunlar qəbul olunur. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurlu davam etdirən ölkə başçısı ulu öndərimizin qurduğu hüquqi, dünyəvi və demokratik dövləti daha da möhkəmləndirir, Azərbaycanın dünya dövlətləri içərisində öz layiqli yerini tutması üçün bütün qüvvəsini, səyini sərf edir. Həmin tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada bu işləri həyata keçirməklə ulu öndərimizin yoluna, dövlətimizə sədaqətimizi nümayiş etdiririk".

Bərpa olunan tarixi abidələrin qorunmasının, onlardan düzgün istifadə edilməsinin, öyrənilməsinin əhəmiyyətini vurğulayan Ali Məclisin sədri deyib: "Abidələri yaxşı öyrənmədən, onları qoruya bilmərik. Bunların həyata keçirilməsi üçün ölkəmizin imkanları ilə bərabər, intellektli insanları da mövcuddur".

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış keçirilib.

Məlumat verilib ki, böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidə bişmiş kərpicdən inşa olunmuş, hündürlüyü 8,5 metrdir. Binanın dam örtüyü təmir edilmiş, 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunub. Binanın daxili naxışlı kərpiclə bəzədilmiş, fond otağı, muzey işçiləri üçün iş otaqları yaradılmış, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılıb. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada 1991-ci ildən fəaliyyət göstərir. Muzeydə 3919 eksponat saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə