"İkram Rəhimov kimi reketlər mətbuatımızda az deyil" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan mediasının saflaşması üçün Azərbaycan Mətbuat Şurası kifayət qədər addımlar atıb və İkram Rəhimov kimi adamların media adamı olmadığını cəmiyyətə çatdırıb. Yəni İkram və digər İkrama bənzər insanların media adamı olmadığını, onların xüsusi məqsədlərlə mediaya soxulduqlarını dəfələrlə isbat edib. Amma Mətbuat Şurasının səlahiyyəti müəyyən bir həddə qədərdir". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, MŞ-nın səlahiyyəti yalnız rəy verməkdən və ictimai qınaq etməkdən ibarətdir: "Lakin konkret mexanizmlər tətbiq etmək imkanları, səlahiyətləri yoxdur. MŞ onlar haqqında rəy verir, onların neqativ əməlləri olduqlarını bildirir. Əgər kimlərsə dönüş etmirsə o zaman hüquq-mühafizə orqanları onlar barədə ölçü götürür. İkram haqqında da 2017-ci ildə Azərbaycan Mətbuat Şurası rəy verib ki, bu adam mediadan istifadə edərək neqativ əməllərlə məşğuldur. Amma təəssüf ki, o öz əməllərindən çəkinməyib. Yaxşı haldır ki, orada vətəndaşlar müraciət etdilər və Dövlət Təhlükəsizliyi Xidməti də vətəndaşların hüquqlarını müdafiə etmək üçün İkram Rəhimov haqqında tədbir gördü. Bu yaxşı haldır. Bilirsiniz ki, zaman-zaman reket jurnalistlər Azərbaycan mediasından sıxışdırılıb çıxarılıb, amma bəzən onlar xüsusi dəstələr tərəfindən himayə olunurlar. Cəzasız qalanda isə onlar öz əməllərini daha da genişləndirirlər. O baxımdan DTX-nın bu məsələyə müdaxilə etməsi, ölçü götürməsi alqışlanası haldır.
Ümid edirik ki, bu proses sona qədər aparılacaq. Çünki İkram Rəhimov tək deyil və onun kimi çoxlu reket jurnalistlər var. Həmçinin onları himayə edən şəxslər vardır. Əsas məsələ onları himayə edən şəxslər haqqında ölçü götürülməsidir. Çünki bu adamlar tək deyillər, şəbəkədirlər. O adamların kimliyini də müəyyən etmək çətin deyil. Belə ki, onlar zaman-zaman Azərbaycan mətbuatında açıqlama verərək İkram kimi insanları müdafiə ediblər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB