Ziyafət Əsgərov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb

Ziyafət Əsgərov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayla görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan parlamentinin strukturu, fəaliyyəti, beynəlxalq qurumlardakı təmsilçiliyi, ikitərəfli münasibətləri barədə danışan Z. Əsgərov iki ölkə millət vəkillərinin əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr müavini deyib ki, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnamə və qərarlarına, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir.

Bakıda olduğu iki gün müddətində mühüm və səmərəli görüşlər keçirdiyini söyləyən S. Alkalay Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qonaq öz ölkəsinin də qaçqın problemi ilə üzləşdiyini vurğulayaraq "biz sizi yaxşı başa düşürük", - deyə qeyd edib. O, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə