Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amili dayanır TƏHLİL
İlham Əliyev: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir”
Azərbaycan son 15 ildə çox güclü və sürətli inkişaf yolu keçib və bu illərdə əldə edilən bir çox uğurlar, qarşıya qoyulmuş vəzifələr dövlətimiz tərəfindən təmin olunub. Bütövlükdə isə görünən budur ki, ölkəmizin rəhbərliyi tərəfindən atılan hər bir addım bilavasitə xalqımızın rifah halının güclənədirilməsinə, müstəqilliyimizin təməllərinin daha möhkəm təməllərə söykənməsinə hesablanıb. İstər daxili, istər xarici, istər sosial-iqtisadi, istərsə də digər sahələri əhatə edən bu yüksəlişin əsasında isə əlbəttə ki, xalq-iqtidar vəhdəti dayanıb.
Prezident İlham Əliyev Real TV-tə verdiyi müsahibəsində də ictimai rəyi maraqlandıran bir çox suallara cavab verərkən, bu və digər faktorlara toxunub. Xüsusilə, Azərbaycan mediasının dəstəyinə toxunan dövlətimizin başçısının çıxışı ilk növbədə, jurnalistlərlə çoxsaylı görüşləri barədə dediyi fikirləri ilə səciyyələndirilə bilər.
“Mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”
Daha dəqiq desək, Prezident İlham Əliyevin ölkə mediasına göstərdiyi dəstəklə yanaşı, media işçiləri də daim Onun Azərbaycan dövləti və xalqı üçün göstərdiyi yorulmaz, qətiyyətli siyasətini dəstəkləyib, bu gün də belədir. Belə ki, media ölkənin həyatında mühüm rol oynayır. Bu baxımdan, “Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır”, deyə vurğulayan ölkə rəhbərimiz xatırladıb ki, O, bir sıra məsələləri məhz mediadan öyrənir: “Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.
Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram”.
“Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”, qeyd edən dövlət rəhbərimiz bundan sonra da ölkənin mediasına daim açıq olacağını, habelə dövlət-media münasibətlərinin inkişaf etdiriləcəyini anons edib.
“Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”
Prezident İlham Əliyevin müsahibə əsnasında toxunduğu daha bir önəmli məsələ milli maraqlar çərçivəsində xarici siyasəti istiqamətləndirməkdədir. Belə ki, sözügedən çərçivədə yürüdülən uğurlu siyasət həm də Azərbaycanın dünya arenasındakı yüksək yerini və mühüm rolunu nümayiş etdirmiş olur.
“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq”, vurğulayan ölkə Prezidenti xüsusilə bildirib ki, xarici siyasət milli maraqlar kontekstində aparılır: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.
Bu gün Azərbaycanın dünyada çox etibarlı tərəfdaş kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib: “Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.
Bu fikirlər isə, xalqımızda həm də belə bir əminliyi yaradır ki, Azərbaycan dövləti heç bir halda, milli maraqları hər hansı xarici siyasət amillərinə qurban vermir, əksinə, milli maraqlarımız bu siyasətdə ən ali məqamı əhatə edir.
“2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır”
Prezident İlham Əliyevin sözügedən müsahibəsində toxunduğu daha bir nüans, cari ilin əvvəlindən başladılan uğurlu islahatlar mərhələsidir. Artıq bu islahatlar ölkəmizin tərəqqi yolunda tutduğu yeni siyasi modeli müəyyənləşdirir. Bu model söz yox ki, bütün sahələri əhatə etməklə yanaşı, beynəlxalq siyasi aləmdə də nümunə rolunu oynayacaq. Mövcud nöqsanların aradan qaldırılmasından başlayaraq, vətəndaşları narahat edən problemlərin birdəfəlik aradan qaldırılmasına qədər nəzərdə tutulmuş islahatlar bilavasitə Azərbaycan xalqına göstərilən ən ali xidmət kimi qiymətləndirilməlidir.
Həmçinin, qeyd edə bilərik ki, Azərbaycan xalqının prezident seçkilərində cənab İlham Əliyevə göstərdiyi növbəti yüksək etimad və inam, eləcə də nümayiş etdirilən iradə ölkə başçımızın fəaliyyətinə böyük stimul verir. Əbəs deyil ki, müsahibəsində bu və bu kimi digər məsələlərə də toxunan Prezident İlham Əliyev deyib: “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.
Dövlət başçımız 2019-cu ildən başlayan islahatların əsas hədəflərinin də müəyyən edilməsi ilə bağlı vurğulayıb: “Azərbaycan Prezidenti qeyd edib ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.
“Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq”
Azərbaycanda vətəndaş-dövlət təması formatında da bir sıra yeni modellər reallaşdırılır. O cümlədən, Prezident İlham Əliyevin sadə azərbaycanlılara göstərdiyi diqqət və qayğısı, xüsusilə şəhid ailələri, təqaüdçülər, aztəminatlı ailələrin sosial-məişət təminatları ilə bağlı aparılan dövlət siyasəti həmin reallığı hərtərəfli şəkildə təcəssüm edir. Çünki dövlət başçımız bütün çıxışlarında vurğulayır ki, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amili dayanır.
“Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq”, qeyd edən Prezident İlham Əliyev son illərdə bu istiqamətdə çox böyük işlərin görüldüyünü deyib: “Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar.
Eyni zamanda, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur”.
Daha bir məqam, dövlətin hər an vətəndaşının yanında olmasıdır. Biz, həm də belə nəticəyə gələ bilərik ki, dövlət başçımızın istənilən təbii fəlakət hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgələrə səfər etməsi, xalqla görüşməsi, onların problemlərini qısa müddətdə həll olunması ilə bağlı fəaliyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdədir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.
Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB