Azər Badamov: “Danışıqlar xatirinə danışıqlar aparılmasına heç bir lüzum yoxdur” - MÜSAHİBƏ

Azər Badamov: “Danışıqlar xatirinə danışıqlar aparılmasına heç bir lüzum yoxdur” - MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, Nikol Paşinyan danışıqlar zamanı ərazilərin boşaldılması məsələsinin müzakirə olunmadığını bildirib. Bu sərsəmləmə nədən irəli gəlir?

- Nikol Paşinyan danışıqlar zamanı ərazilərin boşaldılması müzakirə olunmadığını bildirsə də, görüşlərdə işğal olunmuş ərazilərin boşaldılmasından danışılır. Çünki, danışıqların əsas predmeti işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasından ibarətdir. Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ayrı bir mövzu yoxdur. Bu gün Azərbaycan üçün Paşinyanla danışıqların bir məqsədi var ki, işğala son qoyulsun , Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş rayonlarda sülh bərpa edilsin və oralarda da sosial - iqtisadi infrastruktur layihələri icra edilsin və oradaki, vətəndaşlarımız adam kimi yaşaya bilsin. Paşinyan bir tərəfdən əhalinin sülhə hazırlamaq istiqamətində iş aparılmasından danışır, digər tərəfdən isə ərazilərin boşaldılması ilə bağlı danışıqların aparılmadığını bildirir. Paşinyanın bu hərəkətləri onun məsələyə çox ehtiyatla yanaşdığını göstərir. Düşünürəm ki, Paşinyanın danışıqlara getməkdən başqa yolu yoxdur.

- Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı qeyr-konstruktiv açıqlamaları onu deməyə əsas vermir ki, Paşinyan Koçaryanın və Sarkisyanın səhvlərini təkrarlamaqdadır?

- Düşünmürəm ki, Paşinyan Koçaryan və Sarkisyanın yolu ilə getsin. Əgər Paşinyan özündən əvvəlkilərin yolu ilə gedərsə Ermənistanda sosial gərginlik tez bir zamanda daha da artar və yenidən hakimiyyət çevrilişi baş verər. Ona görə də, Paşinyanın ayrı bir yolu yoxdur. Əgər Ermənistanı inkişaf etdirmək, sosial durumu yaxşılaşdırmaq və hakimiyyətdə qalmaq istəyirsə mütləq şəkildə Azərbaycanla danışıqları davam etdirməli və işğala son qoyulması istiqamətində addımlar atmalıdır. Burda bir məsələ də var ki, Paşinyan birdən-birə bir danışıqlarla məsələni həll edə bilməz . Çünki, əgər belə olarsa Qarabağ klanı hərəkətə keçər və əhalini Paşinyana qarşı qaldırar. Ona görə də Paşinyan erməniləri yavaş-yavaş sülhə hazırlamalıdır. Həm də paralel olaraq Sərkisyanları və Koçəryanları tam zərərsizləşdirməlidir. Proseslər onu göstərir ki, Paşinyanın sərsəm bəyanatları da bu istiqamətə xidmət edir.

- Ümumiyyətlə, danışıqlar xatirinə danışıqlar aparmağa lüzum varmı?

- Təbii ki, danışıqlar xatirinə danışıqlar aparılmasına heç bir lüzum yoxdur. Amma Cənab Prezidentin Paşinyanla son görüşləri onu deməyə imkan verir ki, danışıqlar davam etdirilməlidir. Çünki, dünya praktikasında da bütün müharibələrə danışıqlar stolu arxasında razılığa gəlməklə son qoyulur. Hələ ki, danışıqlar üçün kifayət qədər imkan olduğu üçün davam etdirilməlidir. Amma danışıqlar bir nəticə verməzsə təbii ki, güclü ordumuz var və cəbhədə aktiv fazaya keçərək müharibə yolu ilə ərazilərimizi azad etməyimizə kifayət qədər potensialımız mövcuddur. Qeyd etmək istəyirəm ki, bu məsələdə ən düzgün qərarı Ali Baş Komandanımız verər və biz də hər an buna hazır olmalıyıq.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə