İlham Əliyev: "Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır"
“Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir”. SİA-nın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edərkən deyib.
Ölkə başçısı bildirib ki, Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var: “Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır ”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan gəncləri idmanda böyük qələbələr qazanır, başımızı uca edirlər: “Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir”.
Azərbaycan gənclərinin bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işlədiyini qeyd edən Dövlət başçısı dövlət təşkilatlarına gəncləri önə çəkməsini tövsiyə edib: “Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin”.
Ölkə başçısı qeyd edib ki, gənc alimlər müxtəlif sahələrdə ölkəmizin elmi potensialını gücləndirirlər: “Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB