Sevinc Seyidova: “Radikal müxalifət düşdüyü böhranlı durumundan çıxa bilməyəcək”

Sevinc Seyidova: “Radikal müxalifət düşdüyü böhranlı durumundan çıxa bilməyəcək”

“Son günlərdə müxalifətin qanunsuz aksiya keçirmək cəhdləri və bu istiqamətdə çağırışları ölkədə təmin edilmiş ictimai-siyasi asayişin pozulması məqsədi daşıyır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, dövlət sərbəst toplaşmaq azadlığı haqqında qanunun tələblərinə uyğun olaraq hər zaman icazəli dinc aksiyaların keçirilməsinə şərait yaradıb: “Lakin dinc aksiyaların təşkili zamanı ictimai marağın az olduğunu, mitinqə gələnlərin sayının iddia edildiyi kimi "güclü sosial bazamız var" açıqlaması ilə ziddiyyət təşkil etdiyini görən radikal müxalifət düşdüyü böhran durumundan çıxmaq və gündəmdə qalmağa çalışır. Gündəmdə qalmaq üçün isə, məhz əhalinin sıx məskunlaşdığı, hərəkətin intensiv olduğu yerlərdə 30-40 nəfərin iştirakı ilə qanunsuz aksiyalar keçirdərək, oradakı insanları da özünün sosial bazası kimi təqdim etməyə səy göstərir. Lakin Azərbaycan cəmiyyəti artıq 25 ildir ki, bu kimi üsulların hansı məqsədlərə xidmət etdiyini gözəl bilir. İcazəli mitinqlərdə 10 partiya toplaşaraq cəmi 2-3 min insan topladığı üçün onlara ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə pul ayıran xarici qaranlıq mənbələr istədiklərini ala bilmədiyi üçün hesab tələb edirlər. Radikal müxalifət kəsimi isə qanunsuz aksiyalara cəhd göstərməklə xarici havadarlarının qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilməmənin əsas səbəbkarı kimi Azərbaycan dövlətini göstərməyə çalışırlar. Halbuki dövlət qanunlar çərçivəsində hər zaman icazəli aksiyaların təşkilinə şərait yaradıb. 19 yanvar mitinqi bir daha bunun sübutudur. Lakin radikal müxalifət istər 20-yanvar ümumxalq hüzn günündə, istərsə də 26 yanvar tarixində törətdiyi qanunsuz əməllərlə öz niyyətini bir daha açıq şəkildə ortaya qoymuş oldu”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə