"Prezident sosial problemləri olan insanlara həmişə diqqət və qayğı göstərir" ÖZƏL-MÜNASİBƏT
“Son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Təbii ki, bütün bunlar hamısı bir faktdır və ortalıqdadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, aparılan siyasət göz önündədir: “Bütün ictimaiyyət, eyni zamanda beynəlxalq qurumlar da bunu müşahidə edib. Cənab İlham Əliyev Prezidentliyinin ilk günündən bəyan etdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Qısa müddət ərzində bütün Respublika ərazisində olan çadır şəhərcikləri, yük vaqonlarında məskunlaşma və s. hamısı aradan qaldırıldı. Beləcə məcburi köçkünlərimiz müasir infrastruktura cavab verən yaşayış massivlərinə, müxtəlif tipli qəsəbələrə köçürüldülər. Burada həm həyət evləri tipində, həm də çoxmərtəbəli binalarda yaşayış massivləri salındı. Artıq bunların sayı 100-dən çoxdur. Təbii ki, bu davam edir.
2019-cu il Dövlət büdcəsində də bu məqsədlə vəsait nəzərdə tutulub. Eləcə də Neft Fondundan ayırmalar da var. Bir sözlə bu işlər davam edəcəkdir. Əsas məqsədimiz məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qaytarılmasıdır. Lakin hələki işğal faktı mövcuddur. Buna görə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin, sosial durumlarının yaxşılaşdırılması üçün tədbirlərin görülməsi davam edir. Burada təkcə mənzillərin tikilməsindən söhbət getmir, eyni zamanda onların maddi durumunun təminatlarının da yaxşılaşdırılması istiqamətində işlər görülür. Bütün sahələr burada əhatə olunur ki, məcburi köçkünlərimizin durumu, maddi rifah halı, mənzil-məişət şəraiti yaxşılaşdırılsın. Bu bir daha onu sübut edir ki, dövlətimiz, cənab Prezidentimiz hər bir vətəndaşının, xüsusilə də köməyə ehtiyacı olan insanlarımıza həmişə diqqət, qayğı göstərir və bundan sonra da göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB