"Adətən, müxalifət rəhbərləri hər hansı mitinqdən sonra müəyyən müddət gözləmə mövqeyində dayanırdılar, bir-iki ay, bəzən də daha çox zaman keçdikdən sonra növbəti aksiyanın vaxtını elan edirdilər”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, indi isə adətlərinə xilaf çıxaraq, növbəti həftəsonunda mitinq keçirəcəklərini elan etdilər: “Sual oluna bilər ki, bunun səbəbi nədir? Azərbaycanda heç kəsə sirr deyil ki, müxalifətin maliyyəsi xaricdən gəlir. Onlara vəsait ayıran qüvvələr nə zaman sifariş verirlərsə, o zaman da müxalifət rəhbərləri mitinq elan edirlər. Son günlər Azərbaycanın əleyhinə baş verən hadisələrin xronologiyasına diqqət yetirsək, baş verənlərin mahiyyəti daha aydın olar. Əvvəlcə, bir neçə xarici qəzetdə Azərbaycanla bağlı qərəzli məqalələr yazdırıldı, sonra Avropa Parlamentinin tamamilə ədalətsiz qətnaməsi ortaya çıxdı, ardınca da müxalifət mitinq keçirtdi. Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi. Bu təsadüfdürmü? Əlbəttə ki, yox! Hadisələr şərh olunarkən Ermənistanda baş verənləri qətiyyən unutmaq olmaz. Bu gün “məxməri inqilab”la Ermənistanda hakimiyyət dəyişib, iqtidar xarici orientasiyanı itirib, ənənəvi siyasətindən uzaqlaşıb, iqtisadiyyat çökür, erməni cəmiyyətinin sabaha inamı itib. Bir tərəfdən də Dağlıq Qarabağla bağlı ilkin danışıqlar başlayıb. Zəif Ermənistan danışıqlar masası arxasında necə güclü görünə bilər? Bu situasiyanı onların xaricdəki havadarları da görürlər və indi çalışırlar ki, Azərbaycanda da mitinqlər aktivləşsin, dövlətin başı iç siyasətə qarışsın və biz də zəifləyək. Xatırlayırsınızsa, ötən əsrin 90-cı illərində də Azərbaycandakı kəskin daxili mübarizə ermənilərə torpaqlarımızı işğal etməyə imkan verdi. Antiazərbaycan qüvvələr danışıqlar masası arxasında iqtisadi, siyasi və hərbi baxımdan güclü Azərbaycan görmək istəmirlər. Müxalifət də onların tapşırığını yerinə yetirir. Burada əsas məsələ odur ki, cəmiyyətimiz, xüsusilə də gənclər baş verən hadisələrin arxasında gizlənənləri başa düşsünlər və xaricilərin əlində alət olmasınlar. Öz problemlərimizi sivil yollarla özümüz həll etməliyik, xarici qüvvələr yox”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB