ABŞ prezidenti köməkçisinin Türkiyəyə səfəri siyasi fiaskoya uğradı
ABŞ prezidentinin Ankarada səfərdə olan milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu qəbul etməkdən imtina edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərarında haqlıdır. Türkiyənin “Suriyanın şimalında kürdləri qətlə yetirdiyi” haqda Boltonun sözləri, bu barədə açıqlaması və bəyanatı imtinanın əsas səbəbidir. Amerika prezidentinin köməkçisi Con Boltonun Ankaranı tərk etməsi də əbəs yerə deyil və görünür o məsələnin nə yerdə olduğunu çox yaxşı başa düşüb.
ABŞ qərargah rəisləri Birləşmiş Komitəsinin sədri Cozef Danford və dövlət katibinin Suriya üzrə özəl təmsilçisi Ceyms Ceffrinin müşayiəti ilə Türkiyə paytaxtına İsraildən gələn Boltonun bu gəlişi, ümumiyyətlə, bu danışıqlar "Ankara böhranlı” kimi dəyərləndirilib. Vaşinqton bildirib ki, Türkiyə-Amerika danışıqlarının gündəliyində Suriyadakı durum var.
Boltonun Türkiyə səfərini Ankaranın hissiyyatına toxunan bəyanatı siyasi fiaskoya uğratdı
Türklərin Boltonun Yaxın Şərq turnesinə məhz Ankaraya səfərdən başlayacağını düşünməyə əsası var idi. Çünki, Ərdoğan NATO-da və İŞİD-lə mübarizə üzrə amerikalıların başçılıq etdiyi koalisiyada Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılmasının hazırlandığı haqda xəbəri olan bir neçə nəfərdən biri idi. Türkiyə bundan sonra hətta Suriyanın şərqində döyüş əməliyyatını təxirə də salmışdı.
Türkiyədə iddia olunur ki, ABŞ etnik kürdlərlə Xalq Özünümüdafiə Qüvvələrindən olan “terrorçular” arasında fərq qoymadan, ümumiyyətlə, kürdləri onlara qarşı qaldırır. Eyni zamanda, kürd saytlarının xəbər verdiyi kimi, “Amerika qoşunları çıxarılandan sonra Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” Suriya kürdlərinin Dəməşqlə sövdələşməsi çərçivəsində Suriya ordusuna inteqrasiya oluna bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etməklə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfərini siyasi fiaskoya uğratdı. Ona görə fiaskoya uğradı ki, Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı Ankaranın hissiyyatına toxunmaq demək idi və bu bəyanat da Tramp nümayəndəsi üçün öz nəticəsini çox gözlətmədi. Daha dəqiq desək, Boltonun Türkiyə səfərini Ankaranın hissiyyatına toxunan bəyanatı siyasi fiaskoya uğratdı.
ABŞ prezidentinin köməkçisini qəbul etməkdən Türkiyə prezidentinin imtina etməsi Con Bolton üçün ən gözəl diplomatik cavabdır
Boltonun Türkiyəyə olan antipatiyası nə Türk dünyası üçün, nə də elə amerikalılar üçün sirr deyil. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin Ərdoğana olan münasibəti də bəllidir və bu münasibətlərin də müsbət olmadığı hər iki tərəf üçün yenilik deyil. Bütün bunlar hadisələrin belə bir istiqamət alacağını əvvəlcədən də proqnozlaşdırmağa imkan verirdi. Bir sözlə, gözlənilən idi.
Nəzərə alsaq ki, səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı Con Boltonun aşağılayıcı, təhlükəsizliyini təhdid edən açıqlaması Ankaraya hədə mesajıdır, deməli, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin köməkçisini qəbul etməkdən imtina qərarında haqlıdır. Türkiyə prezidentinin bu qərarı ilə Bolton Türkiyəni danışıqsız tərk etməli oldu və bu əslində onun üçün ən gözəl diplomatik cavab hesab olunur.
Hadisələrə bir az əvvəldən daha sağlam yanaşma tələb olunurdu və Amerika təmsilçisi bunu açıqlama verməzdən öncə düşünməli idi. Əslində, Bolton Türkiyə üçün aşağılayıcı, həm də bu ölkənin təhlükəsizliyini təhdid edən açıqlama, bəyanat verməklə, Ərdoğan üçün başqa bir yol qoymamışdı da. Bir sözlə, Bolton bilməli idi ki, nə Türkiyə, nə də Ərdoğan onun məlum bəyanatından, aşağılayıcı açıqlamasından razı qala bilməz və belə olan halda onu qəbul etməkdən də imtina ediləcək.
ABŞ Türkiyənin tələblərini qəbul etmək məcburiyyətindədir və görünür, YPG-yə qarşı planlaşdırılan hərbi əməliyyat reallaşacaq
Boltonun səfəri çərçivəsində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyat müzakirə olunacaqdı. Bir sözlə, ABŞ prezidentinin Türkiyəyə gəlməkdə məqsədi İsrail, Türkiyə və ABŞ üçbucağı formalaşdırmaq idi. Lakin onun YPG-ni qorumaq kimi bəyanatı bu planı alt-üst etdi.
Hadisələrin gedişi, daha dəqiq desək, YPG-ni qorumaq bəyanatı verən Boltonu qəbul etməkdən imtina edilməsi təsdiq edir ki, Türkiyənin YPG-yə qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq. Çünki, ABŞ Türkiyənin tələblərini qəbul etmək məcburiyyətindədir. Ona görə qəbul etmək məcburiyyətindədir ki, Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması deməkdir. Çünki, Vaşinqtonun protektorluğunda olan digər iki ölkə, yəni nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməz.
Boltonun qəbul edilməməsi siyasi, iqtisadi, hərbi, biznes əlaqələrinin fonunda ABŞ və Türkiyə arasındakı münasibətlərə təsir edə bilməz
Bəzi ekspertlər, daha dəqiq desək, Türkiyənin efirdə görünən bir sıra ekspertləri Ərdoğanı Trampdan Boltonun istefasını tələb etməyə çağırıblar. Yəni eynən Makqerklə olduğu kimi. Hətta, Türkiyə nəşrləri Boltonun Ərdoğanla görüşünü prinsip etibarı ilə şübhə altına almağa başlayıb və bu danışıqların nəticə gətirməyəcəyi, Ərdoğanın isə ancaq Trampla anlaşmasının vacibliyi qənaətindədirlər.
Türkiyə ilə ABŞ arasında yaranmış bu anlaşılmazlıq uzun müddət davam edə bilməz. Çünki, hər iki ölkə bir-birinə lazımdır və beynəlxalq birlikdə bu ölkələrin əməkdaşlığı olmadan, bir çox proseslər həll edilə bilməz. Türkiyə çox düzgün olaraq özünün suverenliyini və milli qürurunu qoruyur və haqlı tələblərlə çıxış edir. Nəzərə alsaq ki, iki ölkə arasında siyasi, iqtisadi, hərbi, biznes əlaqələri mövcuddur, əminliklə demək olar ki, bu iki ölkə arasındakı gərginlik da çox çəkməyəcək. Türkiyə sadəcə Con Boltonun bəyanatına və açıqlamasına adekvat cavab verib və sadalanan əlaqələrin, bir çox sahələri əhatə edən münasibətlərin fonunda bunun iki ölkə arasındakı münasibətlərə nəzərəçarpacaq dərəcədə təsiri gözlənilən deyil.
İki ölkə arasında yaranmış vəziyyətin digər dövlətlərə, ələlxüsus region ölkələrinə və Azərbaycana təsir etməsi gözlənilən deyil
Göründüyü kimi Türkiyə həm İraqla, həm də Suriya ilə bağlı Yaxın Şərq siyasətini müstəqil formada həyata keçirir. Təbii ki, bu, hansısa formada və nə dərəcədə isə rəsmi Vaşinqtonu qıcıqlandırmaya bilməz. Məhz Con Boltonun bəyanatı və açıqlamaları da bu qıcıqlanmanın təzahürü idi. Lakin, Türkiyə prezidentinin ABŞ prezidenti köməkçisini qəbul etməkdən imtina etməsi və bununla da öz siyasətində, öz strategiyasında israrlı olduğunu bəyan etməsi əslində bütün bu qıcıqlanmaların fonunda rəsmi Vaşinqtonu Ankara ilə hesablaşmaq məcburiyyətində qoyur.
Çox güman ki, ABŞ ən tez zamanda Türkiyənin mövqeyi ilə barışmaq məcburiyyətində qalacaq və belə olan halda nə Türkiyə, nə də region dövlətlərinə mənfi təsirlər barədə düşünmək yersizdir. Bir sözlə, iki ölkə arasında yaranmış vəziyyətin digər dövlətlərə, ələlxüsus region ölkələrinə və Azərbaycana təsir etməsi gözlənilən deyil. Doğrudur, biz Türkiyə ilə qardaş ölkəyik, müttəfiqik və Amerika-Türkiyə münasibətlərini nəzərə alaraq, öz diplomatik addımlarımızı artıq dərəcədə peşəkarlıqla atmalıyıq ki, bunun Azərbaycana mənfi təsiri olmasın. Amma, əvvəla buna səbəb görünmür, digər tərəfdən isə, düzgün diplomatik münasibtlər üçün bizim çoxvektorlu siyasətimiz kifayət qədər imkanlar yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB